Xəbər lenti

3 milyon əhalisi ola bilərdi: Cəngəlliklərdə qədim sivilizasiyanın izləri tapıldı
Dünya 22:38 01.08.2026

3 milyon əhalisi ola bilərdi: Cəngəlliklərdə qədim sivilizasiyanın izləri tapıldı

Amazoniyanın sıx tropik meşələrində lazer skanı vasitəsilə aparılan araşdırmalar nəticəsində təxminən 1 500 il əvvəl mövcud olmuş Akviri sivilizasiyasına aid yüzlərlə iri tikili aşkarlanıb.

Qaynarinfo-nun "New Scientist" nəşrinə istinadən məlumatına görə, yeni nəticələr göstərir ki, bu gün toxunulmamış vəhşi təbiət hesab edilən ərazilərdə vaxtilə milyonlarla insan yaşamış ola bilər.

Akviri sivilizasiyası təxminən e.ə. 600-cü ildən eramızın 850-ci ilinə qədər mövcud olub. Bu mədəniyyət müxtəlif tanrıları simvolizə etdiyi ehtimal olunan nəhəng həndəsi torpaq qurğuları yaradıb. Onların inşasında metal alətlərdən və qoşqu heyvanlarından istifadə edilməyib. Geoqliflərin bir çoxu qədim yollar vasitəsilə bir-biri ilə əlaqələndirilib.

Alimlər bitki örtüyü altında qalan relyefi üçölçülü şəkildə xəritələşdirə bilən lidar texnologiyası (lazer skan sistemi) sayəsində bu sivilizasiyanın miqyasını qiymətləndirə biliblər.

2024-cü ildə Helsinki Universitetinin alimi Martti Pyarssinen və həmkarları Braziliyanın Akri və Amazonas ştatlarında təxminən 4 500 kvadratkilometr ərazini tədqiq ediblər. Nəticədə 432 geoqlif aşkar olunub, onlardan təxminən 400-ü elmə əvvəllər məlum olmayıb.

Tədqiqatın nəticələrinə əsasən, Akviri sivilizasiyasının yaşadığı 183 min kvadratkilometrlik ərazidə 30 minədək belə qurğunun mövcud ola biləcəyi ehtimal edilir.

Geoqliflərin orta sahəsi təxminən 3 hektar olsa da, bəzilərinin sahəsi 50 hektara çatır. Onları əhatə edən xəndəklər isə adətən 12 metr enində və 5 metrədək dərinlikdə olur.

"Bu tikililərin miqyası və dəqiqliyi həqiqətən heyrətamizdir", deyə Martti Pyarssinen bildirib.

Tədqiqatçıların hesablamalarına görə, sivilizasiyanın ən qüdrətli dövründə – təxminən eramızın 100–300-cü illəri arasında – əhalinin sayı 1,25 milyondan 3 milyona qədər ola bilərdi. Martti Pyarssinen hesab edir ki, yuxarı hədd daha real görünür.

"Amazoniyanın toxunulmamış vəhşi təbiət olması barədə təsəvvür böyük ölçüdə mifdir. Əslində qədim insan cəmiyyətləri müasir tropik meşələrin formalaşmasında mühüm rol oynayıb”, deyə alim vurğulayıb.

Son 20 ildə Martti Pyarssinen və komandası Amazoniya ilə Boliviyada 40-dan çox mərasim və yaşayış məntəqəsini araşdırıb. Onlar müəyyən ediblər ki, geoqliflər toplantılar, siyasi qərarların qəbulu, dini ayinlər, ziyafətlər və digər ictimai tədbirlər üçün istifadə olunub.

Alimin sözlərinə görə, Akviri sivilizasiyası Amazon meşələrinin formalaşmasına da ciddi təsir göstərib. Yerli əhali qarğıdalı, balqabaq və maniok yetişdirmək, geoqliflər və yollar salmaq üçün əraziləri təmizləyib, həmçinin Braziliya qozu və şaftalı palması kimi ağacları becərib. Bununla belə, sivilizasiyanın hansı səbəbdən yoxa çıxması hələ də məlum deyil.

Florida Universitetinin alimi Maykl Hekenberqer əhali sayına dair qiymətləndirmələri "inandırıcı və son dərəcə əhəmiyyətli” adlandırıb. Onun fikrincə, bu rəqəmləri təsdiqləmək üçün aşkar edilmiş torpaq qurğularının ətrafında daha çox yaşayış məskəni tapılmalıdır.

Manausdakı Amazon Tədqiqatları Milli İnstitutunun alimi Çarlz Klement (Charles Clement) isə bildirib ki, yeni araşdırma Amazon meşələrində genişmiqyaslı bir mədəniyyətin mövcudluğunu nümayiş etdirir. O əlavə edib ki, yeni aşkarlanan geoqliflərin hamısı hələ yerində yoxlanılmasa da, əvvəlki lidar tədqiqatları yüksək dəqiqlik nümayiş etdirib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->