Xəbər lenti

30 il sonra Füzuliyə həyat qayıdır - Deputatın şərhi
Siyasət06:19 07.08.2023

30 il sonra Füzuliyə həyat qayıdır - Deputatın şərhi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"2040-ci ilə qədər Füzuli şəhərində 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir”. 
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Füzuli şəhərinə qayıdışa start verilir: 
"Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında keçirdiyi püşkatma 144 ailə (509 nəfər) mənzil ilə təmin olunub. Həmin ailələr indiyə qədər Bakı və Sumqayıt  şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Bu ay həmin  vətəndaşlarımızın Füzuli şəhərinə qayıdacağı gözlənilir. Şəhərdə hazırda 38 binada tikinti- quraşdırma əməliyyatları sürətlə aparılır. Bu ilin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq. Bu ilin sentyabrında - 30 ildən sonra, ilk dəfə Füzuli şəhərində ilk zəng səslənəcək. Şəhərdə inşa edilən orta məktəb artıq istifadəyə hazırdır”. 
Deputat əlavə edib ki, yeni şəhər işğaldan əvvəlki ilə müqayisədə daha geniş əraziyə malik olacaq:
 "Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə  piyada, velosiped yolları 85 kilometr olacaq. Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər   parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq Mərkəzi Park da salınacaq. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. Şəhərdə çox mərtəbəli binalar ilə yanaşı, az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək”.
 
Deputat qeyd edib ki, Qarabağ yenidən qurulur və bərpa edilir: 
"Tezliklə Qarabağ Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomitivinə çevriləcək”. 
Bahar Rüstəmli