ABŞ-ın Ohayo ştatının Delaver şəhərində yerləşən Big Ear Rəsədxanasında 1977-ci ildə qeydə alınmış sirli radio siqnalı - məşhur "Wow! siqnalı" - üzərindən demək olar ki, yarım əsr keçməsinə baxmayaraq, alimlərin diqqət mərkəzində qalmaqdadır. Bu unikal hadisə ilə bağlı aparılan yeni araşdırma, gözlənilməz nəticələrlə mütəxəssisləri belə təəccübləndirib.
Qaynarinfo xəbər verir ki, 1977-ci ildə astronom Cerri Ehman teleskopun kağız çıxışında qeyri-adi güclü siqnalı gördükdə, kənarına sadəcə "Wow!" yazmışdı. Həmin an siqnal bu adla tanınıb. Təxminən 72 saniyə davam edən güclü radio dalğası, təkrar olunmaması ilə də seçilib.
Avropalı və amerikalı mütəxəssislərin apardığı son təhlillər, siqnalın əvvəlki hesablamalardan dörd dəfə daha güclü olduğunu ortaya çıxarıb. Daha dəqiq ölçmələr siqnalın tezliyini 1420,4556 MHz-dən 1420,726 MHz-ə yüksəldib. Bu fərq, mənbənin əvvəl düşünüləndən iki dəfə sürətlə — saniyədə təxminən 74 km sürətlə hərəkət etdiyini göstərir.
Araşdırma həmçinin bəzi fərziyyələri tamamilə istisna edib. O dövrdə siqnalın televizor stansiyasından və ya peykdən qaynaqlandığına dair ehtimalların əsassız olduğu sübut edilib. Hətta Ayın siqnalı əks etdirməsi versiyası da rədd olunub, çünki həmin vaxt Ay Yerin digər tərəfində idi. Günəş də bu qədər güclü siqnal istehsal edə biləcək qədər aktiv deyildi.
Avropa Günəş Teleskopu Fondunun direktoru doktor Ektor Sokas-Navarro bildirib:
"Yadplanetliləri tamamilə istisna edə bilmərik, amma siqnalın astrofiziki təbiətə malik olması daha inandırıcı görünür. İndi əsas məqsəd mənbəni tapmaqdır".
Araşdırmanın digər müəllifi, Puerto-Riko Universitetindən professor Abel Mendes isə ehtimal edir ki, siqnal, ömrünün son mərhələsində olan maqnetarın enerjisinin hidrogen qazı buluduna çarpması nəticəsində yaranan nəhəng mikrodalğa partlayışı ola bilər.
"Wow!" siqnalına bənzər, lakin daha zəif dörd hadisə Teegarden ulduzu ətrafında qeydə alınıb. Alimlər bu cür zəif siqnalların hidrogen buludlarının yaratdığı qısa müddətli parlamalardan qaynaqlana biləcəyini vurğulayır.
"Wow!" siqnalı hələ də kosmosun ən böyük sirrlərindən biri olaraq qalır. Alimlər üçünsə bu hadisə, ya kainatın təbii proseslərinin, ya da başqa bir mədəniyyətin izi ola biləcək ən maraqlı işarələrdən biri hesab olunur.
Aydın
Şərhlər