Cənubi Koreya prezidenti Şimali Koreyanı atəşkəsi sülh rejimi ilə əvəzləmək üçün danışıqlara çağırıb
Cənubi Koreya prezidenti Li Ce Myonq şənbə günü Şimali Koreya ilə sülh şəraitində birgəyaşayış imkanlarını müzakirə etmək üçün danışıqlara çağırıb.
Qaynarinfo-nun məlumatına görə, Li bildirib ki, Seul münaqişənin qarşısını almaq üçün təminat mexanizmləri yaratmağa çalışacaq və Koreya yarımadasında mövcud atəşkəs rejiminin “sülh rejimi” ilə əvəzlənməsinin zəruri olduğunu düşünür.
Koreyanın Yaponiyanın müstəmləkə idarəçiliyindən azad edilməsinin ildönümü ilə bağlı çıxışında Li iki Koreyanın birgəyaşayış naminə danışıqlar masası arxasına keçməli olduğunu deyib.
O, 1950-1953-cü illər Koreya müharibəsinə son qoymaq üçün Şimali Koreya və aidiyyəti tərəflər arasında dialoqa çağırıb. Li qeyd edib ki, müzakirələr Pxenyanın nüvə imkanlarının məhdudlaşdırılması üçün səmərəli tədbirləri də əhatə edə bilər.
Cənubi Koreya prezidenti Seulun gərginliyi azaltmaq üçün qabaqlayıcı və davamlı addımlar atacağını, eskalasiyanın qarşısını almaq məqsədilə çoxsəviyyəli təminat mexanizmləri yaradacağını bildirib.
Linin çağırışı ötən il verdiyi vəddə – Şimali Koreyanın siyasi sisteminə hörmət etmək və Pxenyanla dinc birgəyaşayışa çalışmaq niyyətində – əsasən dəyişikliksiz davamıdır.
Şimali və Cənubi Koreya arasında münasibətlər isə hələ də gərgin olaraq qalır. Şimali Koreya lideri Kim Çen In Pxenyanın Koreyaların birləşməsi siyasətindən imtina edib, Cənubi Koreyanı ən düşmən dövlət kimi xarakterizə edib və sərhəddə müdafiənin gücləndirilməsi barədə göstəriş verib.
Şimali Koreya Linin dialoq təkliflərini rədd edib, Seulun nüvə enerjisi ilə işləyən sualtı qayıqlar planını tənqid edib və ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərini təxribat adlandırıb.
Yaponiya ilə münasibətlərə toxunan Li keçmişlə üzləşməyin, eyni zamanda gələcəyə açıq olmağın vacibliyini vurğulayıb. O, Yaponiya ilə “yaxın qonşu” kimi yeni 60 illik sülh və rifah dövrünə başlamağa ümid etdiyini bildirib.
Qeyd edək ki, Koreya müharibəsi 1950-ci il iyunun 25-də başlayıb. Seul və Pxenyan arasında mövcud atəşkəs 1953-cü ildən qüvvədədir.
Aydın
Şərhlər