Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası hər il 190-dan çox dünya liderini ABŞ-ın Nyu-York şəhərində bir araya gətirən və 1945-ci ildən bəri mühüm qərarların qəbul edildiyi platforma olmaqla yanaşı, həm də diqqətçəkən və yadda qalan hadisələrin mərkəzinə çevrilib.
Qaynarinfo xəbər verir ki, bu 80 illik müddətdə Fidel Kastronun rekord uzunluqdakı çıxışından Hüqo Çavesin sərt ifadələrinə, Müammar Qəddafinin BMT Təhlükəsizlik Şurasına yönəltdiyi tənqidlərdən İdi Aminin siyasi səhvinə qədər bir çox unudulmaz an yaşanıb.
Kastronun 4,5 saatlıq çıxışı
Baş Assambleya çıxışlarının 15 dəqiqəlik vaxt çərçivəsi olsa da, liderlərin buna əməl etməsi öhdəlik deyil. 26 sentyabr 1960-cı ildə Kuba lideri Fidel Kastro 269 dəqiqəlik (təxminən 4,5 saat) çıxışı ilə Assambleya tarixində ən uzun nitq rekordunu qoyub.
Çavesin Buşa "şeytan" bənzətməsi
2006-cı ildə Venesuela lideri Hüqo Çaves, çıxışında ABŞ prezidenti Corc Buşu tənqid edərək "Dünən şeytan buradaydı, bu gün hələ də kükürd iyi qalır" ifadəsi ilə yadda qalıb.
Ərəfatın zeytun budağı ilə mesajı
1974-cü ildə Fələstin lideri Yasir Ərəfat ilk dəfə Assambleyada çıxış edərək "Bu gün buraya əlimdə bir zeytun budağı və bir azadlıq döyüşçüsünün silahı ilə gəldim. Əlimdəki zeytun budağının düşməsinə imkan verməyin" sözləri ilə tarixi mesaj verib.
Qəddafinin "terror şurası" bəyanatı
2009-cu ildə Liviyanın lideri Muammar Qəddafi 100 dəqiqəlik çıxışı zamanı BMT Təhlükəsizlik Şurasını tənqid edərək deyib: "Buna təhlükəsizlik şurası yox, terror şurası demək lazımdır".
İdi Aminin "Hitler" səhvi
1972-ci ildə Uqanda prezidenti İdi Amin Böyük Britaniyanın baş naziri Edvard Hiti təriflədikdən sonra onu səhvən Adolf Hitlerlə müqayisə edib. O, sonradan bunu düzəldərək "Hitler yox, Uinston Çörçilli nəzərdə tutmuşdum" deyə açıqlama verib.
Trampın gülüş doğuran çıxışı
2018-ci ildə ABŞ prezidenti Donald Tramp öz çıxışında Amerika iqtisadiyyatının ən yaxşı dövrünü yaşadığını və iki ildə digər administrasiyalardan daha çox iş gördüyünü bildirərkən zalda gülüşlər eşidilib. Tramp isə buna "Belə reaksiya gözləmirdim, amma problem deyil" cavabı ilə reaksiya verib.
Boris Consonun süni intellekt xəbərdarlığı
2019-cu ildə Böyük Britaniyanın baş naziri Boris Conson süni intellektlə bağlı çıxış edərək "Gələcəkdə Alexa sizdən əmrlər alır kimi görünəcək, amma əslində sizi izləyəcək" ifadələri ilə müzakirə doğurmuşdu.
Digər maraqlı məqamlar
* 1965-ci ildə İndoneziya, Malayziya ilə mübahisəyə görə BMT-dən çıxmaq üçün rəsmi məktub təqdim edən ilk və yeganə ölkə olub.
* 2018-ci ildə Yeni Zelandiya baş naziri Casinda Ardernin 3 aylıq körpəsini iclasa gətirməsi tarixə "ən kiçik qonaq" kimi düşüb.
* COVID-19 pandemiyası səbəbilə 2020-ci ildə Baş Assambleya ilk dəfə onlayn formatda keçirilib.
* İslandiya 1952-ci ildə BMT Baş Assambleyasının sədrinə sessiyaları açmaq və bağlamaq, gündəliyi qəbul etmək və qətnamələrə səs vermək üçün istifadə edilən çəkici hədiyyə edib və Baş Assambleyanın simvoluna çevrilib. İslandiya çəkici 1960-cı ildə keçmiş Sovet lideri Nikita Xruşşovu sakitləşdirməyə çalışarkən irlandiyalı diplomat Frederik Boland tərəfindən təsadüfən sındırılıb. Bu hadisədən sonra 2005-ci ildə İslandiyadan alınan yeni bir çəkic ibi və əvəzedicisi alınmalı olub.
Aydın
Şərhlər