ABŞ-da 1 sentlik sikkənin istehsalına son qoyulub. Buna əsas səbəb onun hazırlanmasının nominal dəyərindən dəfələrlə baha başa gəlməsi olub.
Qaynarinfo xəbər verir ki, "Space Daily”nin yazdığına görə, son illərdə 1 sentlik sikkənin istehsal xərci ilə nominal dəyəri arasındakı fərq o qədər artıb ki, onun dövriyyədə saxlanılması iqtisadi baxımdan səmərəsiz hesab edilib.
ABŞ Zərbxanasının illik hesabatına əsasən, 2024-cü ildə bir ədəd 1 sentlik sikkənin istehsalı və dövriyyəyə buraxılması 3,69 sentə başa gəlib. Bu isə onun nominal dəyərindən təxminən dörd dəfə çoxdur. Hesabatda bildirilir ki, 2024-cü ildə ABŞ Maliyyə Nazirliyi 1 sentlik sikkələrin istehsalı səbəbindən təxminən 85,3 milyon dollar zərərə məruz qalıb.
Bundan əlavə, istehsal xərcləri artmaqda davam edib. "Coin News”un məlumatına görə, 2024-cü ildə bir sikkənin maya dəyəri 20,2 faiz artaraq 3,07 sentdən 3,69 sentə yüksəlib.
1 sentlik sikkənin istehsalının dayandırılmasına qarşı irəli sürülən əsas arqument nağd ödənişlər zamanı məbləğlərin yuvarlaqlaşdırılması nəticəsində istehlakçıların əlavə xərcə məruz qala biləcəyi ilə bağlı narahatlıq idi.
Lakin ABŞ-ın şərq sahillərində fəaliyyət göstərən mağazalar şəbəkəsinin kassa məlumatlarının təhlili göstərib ki, məbləğlərin yuxarı və aşağı istiqamətdə yuvarlaqlaşdırılması ümumilikdə bir-birini kompensasiya edir və istehlakçılar üçün əhəmiyyətli maliyyə təsiri yaratmır.
2025-ci il noyabrın 12-də ABŞ Zərbxanası Filadelfiyada simvolik mərasim keçirib. Mərasim zamanı xəzinədar Brendon Biç sonuncu 1 sentlik sikkəni zərb edərək 232 illik ənənəyə yekun vurub.
Bununla belə, istehsalın dayandırılması 1 sentlik sikkələrin dövriyyədən çıxarılması demək deyil. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, hazırda dövriyyədə təxminən 114 milyard ədəd 1 sentlik sikkə qalır. Onların bir çoxu banklarda saxlanılır və ya itib, lakin hələ də qanuni ödəniş vasitəsi hesab olunur.
Nazirlik hesab edir ki, istehsalın dayandırılması nəticəsində material xərclərinə ildə təxminən 56 milyon dollar qənaət etmək mümkün olacaq.
Eyni zamanda, Riçmond Federal Ehtiyat Bankı xəbərdarlıq edib ki, 1 sentlik sikkədən imtina 5 sentlik sikkələrə tələbatı artıra bilər. Halbuki 2024-cü ildə 5 sentlik sikkənin istehsalı 13,8 sentə başa gəlib ki, bu da onun nominal dəyərini iki dəfədən çox üstələyir.
Aydın
Şərhlər