Birləşmiş Ştatlar İranın HƏMAS yaraqlılarının İsrailə hücum etmək üçün istifadə edə biləcəyi təlimlərdə iştirakını araşdırır.
Qaynarinfo bu barədə "NBC News"a
istinadən xəbər verir.
Onlar İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) vasitəsilə bəzi yaraqlılara və HƏMAS-a partlayıcı əməliyyatlarda təlim keçib-keçmədiyini araşdırırlar.
Anonim rəsmilər bildirirlər ki, HƏMAS partlayıcı maddələr yerləşdirmək üçün Qəzza sərhədi boyunca fələstinlilərin son etirazlarından istifadə etmiş ola bilər.
Qəzet adı açıqlanmayan rəsmilərə istinadən yazır: "HƏMAS-ın əvvəlki əməliyyatlarından qat-qat mürəkkəb olan hücum, İranın yaraqlılara verdiyi onilliklər ərzində maliyyə, silah və təlim olmadan mümkün olmazdı".
İran uzun müddət HƏMAS yaraqlılarını öyrədib və təchiz edib, onların İsrailə hücumundan sonra hücumu açıq şəkildə dəstəkləyib.
"The Wall Street Journal" İran kəşfiyyat rəsmilərinin HƏMAS-a İsrailə hücum planlaşdırmasına kömək etdiyini yazıb. Tehran bu cür məlumatları təkzib edir.
Bundan əvvəl Ağ Evin sözçüsü Con Kirbi qeyd edib ki, İran yaraqlılarla İsrail arasında müharibədə HƏMAS-ın tərəfdaşıdır. Bunun fonunda Respublikaçılar Partiyasının bəzi nümayəndələri ABŞ prezidenti Co Baydenə İrana qarşı addım atması üçün təzyiqlər etməyə başlayıblar.
Bundan başqa, Fransa prezidenti Emmanuel Makron da İranın HƏMAS-a kömək etdiyini etiraf edib, lakin onun hələlik bununla bağlı heç bir sübutu yoxdur.
Nizami Bağırov