ABŞ Konqresinin Nümayəndələr Palatasından olan respublikaçılar "Ukraynanın qələbə planı” adlı sənəd yayıblar. Bu sənəd, ABŞ-ın Ukraynaya yardımı necə asanlaşdıracağına dair izahat və prezident Co Bayden administrasiyasının tənqidindən ibarətdir.
Bu barədə Qaynarinfo sənədə istinadən xəbər
verir.
Planı ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçıların rəhbərlik etdiyi üç komitəsi hazırlayıb. Söhbət Maykl Makkolun rəhbərlik etdiyi Xarici Əlaqələr Komitəsindən, Mayk Rocersin rəhbərlik etdiyi Silahlı Qüvvələr Komitəsindən və Mayk Törnerin rəhbərlik etdiyi Kəşfiyyat Komitəsindən gedir.
Məlumdur ki, sənəd ötən ilin sonunda hazırlanıb, ancaq onun müzakirəsinə indi başlayıblar.
Plan 28 səhifədən ibarətdir və onun üz qabığında Vladimir Putin, Aleksandr Lukaşenko, Si Szinpin və Əli Xamneyi var. Mətn beş bölmədən ibarətdir: Təhdid, Qələbə üçün təklif olunan plan, Nəzarət, Dəstəyin paylanması və Baydenin Ukraynaya silah verilməsində ölümcül gecikmələrinin xronologiyası.
Sənəd müəllifləri qeyd edirlər ki, Rusiya və Çin, İran və onun "kuklaları” (Həmas və Hizbullah qrupları nəzərdə tutulur) daxil olduğu alyans ABŞ-ın bütün dünyada maraqlarını pozmağa çalışır. Xüsusilə, respublikaçıların fikrincə, onların məqsədi ABŞ iqtisadiyyatını zəiflətmək, əsas ittifaqları dağıtmaq və dünya nizamı kimi totalitarizm qurmaqdır.
Onların fikrincə, ABŞ Konqresi Rusiya, Çin və İran kimi ölkələrdən azadlığı qorumaq öhdəliyi daşıyır.
Respublikaçılar hesab edirlər ki, Baydenin Ukraynaya "nə qədər lazımdırsa” dəstək verməklə bağlı ritorikası məğlub strategiyadır. Onlar Ağ Evdən qələbə üçün plan təqdim etməsini və Ukraynaya döyüşmək üçün lazım olan silahları verməsini istəyirlər.
Respublikaçılara görə, Ukrayna üçün qələbəyə gedən yol:
Ukraynanı kritik silahlarla təmin edilməsi;
Putin rejiminə qarşı sanksiyaların sərtləşdirilməsi;
Dondurulmuş Rusiyanın 300 milyard suveren aktivinin Ukraynaya verilməsidir.
Konqresmenlər ABŞ yardımı üzərində nəzarətin zəruriliyinə işarə edərək, auditlərin pozuntular aşkar etmədiyini etiraf ediblər. Amerikalı qanunvericilər ABŞ-ın Ukraynaya yardımının həcmini də təhlil edərək, ABŞ-ın Avropa ölkələrindən geri qaldığını qeyd ediblər.
Nizami Bağırov