ABŞ Rusiya neftinə tətbiq edilən hazırkı 60 dollar/barrel qiymət tavanının azaldılmasına qarşıdır və bu mövqeyindən geri çəkilmək niyyətində deyil.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadla yazır.
Məlumata görə, bu mövqe Avropa İttifaqının ümidlərini zəiflədir. Aİ liderləri Kanadada keçiriləcək G7 sammitində qiymət tavanının 45 dollara endirilməsinə razılıq əldə olunacağını gözləyirdi. Lakin "Bloomberg”in yazdığına görə, Tramp administrasiyası bu dəyişikliklərə hazır deyil.
"Son qərar prezident Donald Trampa məxsusdur və bəzi rəsmilər hələ də ümidlərini itirməyiblər. Amma maliyyə nazirlərinin bu ilin əvvəlində keçirilmiş G7 görüşündə ABŞ tərəfindən elan olunan mövqe hələ də dəyişməyib”, deyə məqalədə qeyd olunur.
Avropa İttifaqı və Böyük Britaniya Rusiya neftindən gələn gəlirləri azaltmaq üçün qiymət tavanını 60 dollardan 45 dollara salmaq istəyir. Məqsəd – Rusiyanın Ukrayna müharibəsini maliyyələşdirmək imkanlarını daraltmaqdır.
"Bloomberg” yazır ki, ABŞ-ın iştirakı olmadan belə Aİ və Böyük Britaniya bu addımı atmağı nəzərdən keçirirlər. Çünki Rusiya neftinin əsas hissəsi Avropa sularına yaxın ərazilərdən daşınır və bu məhdudiyyətlər müəyyən dərəcədə təsir göstərə bilər. Bununla belə, G7 ölkələrinin və xüsusilə də ABŞ-ın dəstəyi ilə qəbul ediləcək qərar daha effektiv ola bilər.
Qeyd edək ki, Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiya paketini hazırlayır. Yeni sanksiyalar:
• "Şimal Axını” və "Şimal Axını 2” qaz kəmərlərinin fəaliyyətinə məhdudiyyətlər,
• Rusiya neftinin ixracı, o cümlədən 77 tankerdən ibarət "kölgə donanması"na qarşı tədbirləri əhatə edə bilər.
Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O'Sallivan isə bildirib ki, Ukraynanın təhlükəsizliyi təhdid altında olduğu müddətdə Aİ sanksiyaları "avansla” yumşaltmayacaq.
Bu hadisələr fonunda ABŞ-ın mövqeyi Avropa diplomatiyasının imkanlarını məhdudlaşdırır və G7 daxilində fikir ayrılığını dərinləşdirir.
Alpər
Şərhlər