Xəbər lenti

ABŞ Rusiyaya qarşı kiberhücumları dayandırır - NYT
Dünya 12:55 03.03.2025

ABŞ Rusiyaya qarşı kiberhücumları dayandırır - NYT

ABŞ müdafiə naziri Pit Heqset ABŞ Kiberkomandanlığına Rusiyaya qarşı hücum əməliyyatlarını dayandırmağı əmr edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" yazır

Rəsmi şəxslərin şərhlərinə görə, bu addım görünür, Rusiya prezidenti Vladimir Putini Ukrayna və ABŞ ilə yeni münasibətlər barədə danışıqlara cəlb etmək üçün daha geniş səylərin bir hissəsidir.  

Qeyd olunur ki, Heqsetin əmrləri Rusiyaya qarşı bütün əməliyyatların yenidən dəyərləndirilməsinin bir hissəsi olub və bu, cümə günü ABŞ prezidenti Donald Trampla Ukrayna prezidenti Volodimir Zelenski arasında Oval kabinetdə baş verən mübahisədən əvvəl verilib.  

Eyni zamanda, NYT vurğulayır ki, Rusiya daxilində aparılan müzakirələri və Putinin hansı şərtləri irəli sürdüyünü izləmək üçün əsas rus şəbəkələrinə kəşfiyyat məqsədilə girişin qorunub saxlanması mühüm əhəmiyyət daşıyır. Rəsmilər bildirirlər ki, liderlər bəzən incə diplomatik danışıqlar zamanı hərbi əməliyyatları dayandırmaq barədə göstəriş verirlər ki, bu proses pozulmasın. Bununla belə, belə bir qərar böyük risk daşıyır.  

"Əslində, Tramp ümid edir ki, Putin qarşılıq verəcək və ABŞ-a, eləcə də onun Avropadakı ənənəvi müttəfiqlərinə qarşı "kölgə müharibəsini" dayandıracaq", – nəşr yazır.  

İndiyədək ABŞ Avropa ölkələrinə Rusiyaya qarşı mübarizədə, tez-tez gizli kiberəməliyyatlar vasitəsilə mühüm dəstək verib. Lakin indi bu əməkdaşlıq təhlükə altına düşə bilər. Bu əməliyyatların əhəmiyyətli hissəsi Böyük Britaniyanın hökumət rabitə qərargahından həyata keçirilir. Mümkündür ki, Britaniya bu fəaliyyətləri davam etdirsin, ABŞ isə diqqətini Çinə yönəltsin.  

Bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi Rusiyaya qarşı tətbiq edilən sanksiyaların icrasına nəzarət edən və Kremlə yaxın oliqarxları hədəfə alan işçi qrupunu ləğv etmişdi.  

Həmçinin məlum olub ki, ABŞ-da amerikalı investorların dəstəyi ilə Rusiya qazını Avropaya daşıyan "Şimal axını – 2" boru kəmərinin yenidən işə salınması layihəsi hazırlanır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->