Şiddətli şaxtalar və qar fırtınası səbəbindən ABŞ-da 34, Kanadada isə 4 nəfər ölüb. ABŞ-ın 12 ştatında ekstremal hava xəbərdarlığı edilib. Ölkədə bir milyondan çox insan işıqsız qalıb, hava limanlarında minlərlə reys təxirə salınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Associated Press məlumat
yayıb.
Ekstremal hava Kanada yaxınlığındakı Böyük Göllərdən Meksika ilə sərhəddə yerləşən Rio Qrandeyə qədər uzanır. ABŞ Milli Meteoroloji Xidmətinin məlumatına görə, ölkənin bəzi yerlərində temperatur -45-ə düşüb.
Nyu York ştatının qubernatoru Keti Houhul bildirib ki, şənbə günü, demək olar ki, bütün yanğınsöndürən maşınlar şəhərdə ilişib qalıb. Bazar günü o, insanları bölgənin sürücülük qadağasına hörmət etməyə çağırıb. Rəsmilər hava limanının çərşənbə axşamı səhərə qədər bağlı qalacağını bildiriblər. Milli Hava Xidməti bazar günü səhər saat 7-yə olan məlumata görə, Buffalo Niaqara Beynəlxalq Hava Limanında qarın ümumi hündürlüyü 43 düym (109 santimetr) olub.
Keçən cümə günü Nyu Yorkun Çiktoyaqa ətrafındakı evlərin birində iki nəfər ölü tapılıb. Özlərini pis hiss ediblər, təcili yardım çağırıblar, lakin qar yağdığından həkimlər vaxtında onlara çata bilməyiblər.
Eri dairəsinin icraçı direktoru Mark Polonkartz bildirib ki, qasırğa zamanı 10 nəfər, o cümlədən Buffaloda altı nəfər ölüb. O, daha çox ölü ola biləcəyi barədə xəbərdarlıq edib. "Bəziləri avtomobillərdə, bəziləri isə küçədə qar uçqunu içində tapılıb, - o deyir. - Biz bilirik ki, iki gündən artıq maşınlarda qalan insanlar var".
26-93 yaş arası 12 nəfər Nyu Yorkun Eri qraflığında, bir nəfər isə Niaqara qraflığında ölüb: 27 yaşlı kişi qarın soba borusunu bağladığı üçün dəm qazından zəhərlənib. Ohayoda 10 nəfər, o cümlədən kommunal xidmət işçisi elektrik cərəyanı vuraraq ölüb. Missuri, Kanzas və Kentukki ştatlarında baş verən avtomobil qəzalarında bir neçə nəfər ölüb. Vermont ştatında bir qadını yerə düşən ağac budağı öldürüb. Koloradoda sıfırdan aşağı temperatur zamanı evsiz adam ölü tapılıb. Bir qadın buzlu Viskonsin çayının dibinə düşüb.
Nizami Bağırov