İqlim dəyişikliyi əsrin sonunadək ABŞ-ın təbii xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər.
Qaynarinfo xəbər verir ki, "PeerJ" jurnalında dərc olunan yeni araşdırmaya görə, istixana qazlarının yüksək emissiyası ssenarisi reallaşarsa, ABŞ-ın onlarla şəhəri səhra biomunun əhatə dairəsinə düşə bilər. Bu barədə "Yahoo" məlumat yayıb.
"Open Earth Monitor Cyberinfrastructure" layihəsinin tədqiqatçıları 2080-ci ilə qədər təbii zonalarda baş verə biləcək dəyişiklikləri proqnozlaşdırmaq üçün yüksək dəqiqlikli peyk görüntülərindən və maşın öyrənməsi alqoritmlərindən istifadə ediblər.
Araşdırmada bildirilir ki, ABŞ-ın mərkəzi hissəsi daha isti və quraq olacaq. Ənənəvi çölləri tədricən səhra bitki örtüyü əvəz edəcək, çöl çiçəklərinin sayı azalacaq, quraqlığa davamlı bitkilər isə geniş yayılacaq.
Alimlərin proqnozuna əsasən, ABŞ-da səhra biomunun ərazisi ölkə ərazisinin 6 faizindən 11,9 faizinə qədər artacaq. Bu isə səhraların təxminən 182 min kvadrat mil (471 mindən çox kvadrat kilometr) genişlənməsi deməkdir.
Eyni zamanda, sərin qarışıq və iynəyarpaqlı meşələrin sahəsi azalacaq, ölkənin şərq hissəsində rütubətli meşələri isə tədricən quraqlığa daha davamlı bitki örtüyü əvəz edəcək.
Araşdırmaya görə, Arizona, Nyu-Meksiko və Cənubi Kaliforniyadakı səhra zonaları daha da şərqə doğru genişlənərək Texas və Kolorado ştatlarına qədər yayılacaq.
Tədqiqatçıların proqnozuna əsasən, səhra biomuna keçəcəyi gözlənilən ən böyük şəhər 404 mindən çox əhalisi olan Kaliforniya ştatının Beykersfild şəhəridir.
Ən yüksək risk altında olan digər şəhərlər bunlardır:
* Beykersfild (Kaliforniya)
* Reno (Nevada)
* Lankaster (Kaliforniya)
* Pueblo (Kolorado)
* Sparks (Nevada)
* Rio-Ranço (Nyu-Meksiko)
* Kennevik (Vaşinqton)
* Pasko (Vaşinqton)
* Qrand Cankşn (Kolorado)
* Riçlend (Vaşinqton)
Proqnoza görə, bu şəhərlərin əksəriyyətində mövcud çöl və ya meşə biomları 2061–2080-ci illərdə səhra biomu ilə əvəz oluna bilər.
Tədqiqat müəllifləri vurğulayırlar ki, hesablamalar istixana qazlarının yüksək emissiyasını nəzərdə tutan RCP 8.5 ssenarisi əsasında aparılıb.
Onların sözlərinə görə, nəticələr iqlim dəyişikliyinin yalnız havanın temperaturuna deyil, həm də təbii ekosistemlərə, bitki örtüyünə və ABŞ-da milyonlarla insanın yaşayış şəraitinə ciddi təsir göstərə biləcəyini nümayiş etdirir.
Aydın
Şərhlər