2015-ci ildə "Project Eagle" (Qartal layihəsi) adlı təşəbbüslə "Apple"ın İlon Maskın "Starlink" layihəsinə rəqib olacaq bir peyk əsaslı internet xidməti təqdim etməyi planlaşdırdığı məlum olub. Lakin bu cəsarətli ideya başlanmasından cəmi bir il sonra təxirə düşüb. Bəs "Apple" bu layihədən niyə və necə vaz keçib?
Qaynarinfo xəbər verir ki, "Apple" ilk dəfə 2022-ci ildə təqdim etdiyi "iPhone 14" seriyası ilə birlikdə peyk üzərindən rabitə funksiyasını istifadəçilərə təqdim etdikdə, bu texnoloji yenilik geniş rezonans doğurmuşdu. Əsasən mobil şəbəkə siqnalının olmadığı ərazilərdə fövqəladə hallarda mesaj göndərməyi mümkün edən bu xüsusiyyət texnologiyada dönüş nöqtəsi hesab olunurdu. Lakin yeni yayılan məlumatlara görə, "Apple"ın bu sahəyə marağı on ildən də əvvələ dayanır.
"Project Eagle": Müstəqil internet infrastrukturu xəyalları
İddialara əsasən, "Apple" 2015-ci ildə "Project Eagle" adı altında öz peyk internet şəbəkəsini qurmaq niyyətində olub. Bu məqsədlə şirkət "Boeing" ilə danışıqlara başlayaraq minlərlə peykdən ibarət bir sistemlə "iPhone"lara və evlərə birbaşa internet bağlantısı təmin etməyi planlaşdırırdı. Bu sistem çərçivəsində istifadəçilərin internetə qoşulmaq üçün xüsusi antenlərdən istifadə etməsi nəzərdə tutulurdu.
O dövrdə "Apple" mobil operatorlarla olan əlaqələri "zəruri, lakin məhdudlaşdırıcı" hesab edirdi. Layihənin əsas məqsədi bu asılılığı aradan qaldıraraq, Apple-ın istifadəçilərə birbaşa çata biləcəyi müstəqil bir infrastruktur qurmaq idi. Şirkət bu məqsədlə 36 milyon dollar test büdcəsi ayırmış və layihənin 2019-cu ildə işə düşməsi planlaşdırılmışdı.
Lakin layihə yüksək maliyyətlər və ABŞ-dakı mobil operatorlarla potensial qarşıdurmalar riski səbəbilə 2016-cı ildə ləğv edildi. Layihə üzərində çalışan komanda "Apple"dan ayrılıb.
İkinci cəhd, ikinci uğursuzluq
"Apple" bu ideyanı bir neçə il sonra, 2018-ci ildə yenidən gündəmə gətirdi. Bu dəfə "OneWeb" adlı peyk interneti təminatçısı ilə əməkdaşlıq axtarışına çıxıb. Lakin bu ikinci təşəbbüs də ilkindəki kimi maliyyə baxımından davamlı olmadığı üçün qısa müddət ərzində dayandırılıb.
Təmkinli strategiyaya keçid
İkinci uğursuzluqdan sonra "Apple" daha ehtiyatlı strategiyaya üstünlük verib. Şirkət peyk internetini birbaşa təqdim etmək əvəzinə, bu texnologiyanı məhdud, lakin funksional şəkildə "iPhone" modellərinə inteqrasiya etməyə qərar verib. Nəticədə 2022-ci ildə "iPhone 14" seriyası ilə birlikdə peyk üzərindən təcili mesaj göndərmə funksiyası təqdim edilib. Bu sistem hazırda "Globalstar" peykləri vasitəsilə işləyir.
Lakin keçmiş "Apple" əməkdaşlarının fikrincə, "Globalstar" texnologiyası artıq kifayət qədər geridə qalıb. "Starlink"lə müqayisədə "Globalstar" daha yavaş və köhnə sistemdir və yaxın gələcəkdə əhəmiyyətli texnoloji sıçrayış gözlənilmir.
Rəqabət peyk texnologiyalarına yönəlir
Hazırda "Apple" mobil operatorlarla münasibətləri riskə atmadan yoluna davam etməyi üstün tutur. Buna baxmayaraq, sektorda başqa diqqətçəkən təşəbbüslər də var. Məsələn, "T-Mobile" və "Starlink", mesajlaşma və peyk bağlantısı kimi xidmətləri istifadəçilərə təqdim edən beta proqram başladıb və bəzi "iPhone" modelləri bu proqramdan faydalana bilir.
"Apple"ın keçmiş peyk interneti layihələri bu gün aktiv olmasa da, mobil rabitə sektorundakı rəqabətin getdikcə peyk texnologiyalarına yönəldiyi müşahidə olunur. Bu isə gələcəkdə "Apple"ın bu sahəyə yenidən ciddi şəkildə qayıda biləcəyini göstərir.
Aydın
Şərhlər