Xəbər lenti

Avropa beş ildə Kipr böyüklüyündə yaşıllıq ərazilərini itirib (ARAŞDIRMA)
Dünya 21:29 02.10.2025

Avropa beş ildə Kipr böyüklüyündə yaşıllıq ərazilərini itirib (ARAŞDIRMA)

"The Guardian" qəzetinin araşdırması göstərib ki, Avropa sürətlə yaşıllıq və kənd təsərrüfatı sahələrini itirir. 

Qaynarinfo xəbər verir ki, məlumata görə, hər gün qitədə 600 futbol meydançasına bərabər sahə asfalta və tikintilərə çevrilir.

Beş illik peyk təsvirlərinin təhlili nəticəsində müəyyən olunub ki, 2018–2023-cü illər arasında 9 min kvadrat kilometr yaşıllıq ərazi — təqribən Kipr adasının ölçüsündə — tikinti məqsədilə məhv edilib. Bu, həftəlik 30 kvadrat kilometr, yaxud gündəlik 600 futbol meydançası deməkdir.

İllik itkilərin 900 kvadrat kilometri təbii ərazilərə, 600 kvadrat kilometri isə kənd təsərrüfatı torpaqlarına aiddir.

Lids Universitetinin vəhşi təbiət üzrə professoru Stiv Karver qeyd edib ki, torpaqların tikinti məqsədilə itirilməsi biomüxtəlifliyin azalmasının və vəhşi təbiətin yox olmasının əsas səbəblərindəndir: "Şəhərlər genişləndikcə həm meşələr, həm də kənd təsərrüfatı torpaqları məhv olur".

Ən çox itkilərə səbəb olan tikintilər yaşayış binaları və yollar olub (ümumi göstəricilərin dörddə biri). Həmçinin ərazilər turizm, sənaye, əyləncə və istehlakçılıq məqsədilə də məhv edilib.

Məsələn, Portuqaliyada "CostaTerra Golf and Ocean Club" layihəsi üçün 300 hektar qorunan qum təpələri dağıdılıb. Türkiyədə Çaltılidərə sulak ərazilərində bir kvadrat kilometrdən çox sahə yaxtalar üçün liman tikintisi məqsədilə betonlanıb. Bu yer əvvəllər flaminqo və pelikan kimi quşların yaşayış məskəni olub. Almaniyada Berlindən kənarda Tesla şirkətinin zavodu üçün yarım milyon ağac kəsilib. Yunanıstanın Vermio dağlarında isə "yabanı ərazi" statusuna baxmayaraq, böyük külək elektrik stansiyası inşa edilir.

2018–2023-cü illər arasında ən böyük itkilər Türkiyədə (1 860 kv. km), Polşada (1 000 kv. km-dən çox), Fransada (950 kv. km), Almaniyada (720 kv. km) və Böyük Britaniyada (604 kv. km) qeydə alınıb.

Avropa Parlamentinin Yaşıllar Partiyasından olan deputatı bildirib: "Avropa İttifaqı illərdir iqlimlə mübarizədə və təbiətin qorunmasında lider olacağına söz verir, amma biz gələcəyimizi betona qərq edirik. Qısamüddətli mənfəətlər uğrunda meşələrin, məhsuldar torpaqların və biomüxtəlifliyin məhv edilməsi gənc nəsillərə verilmiş vədlərin pozulmasıdır".

O xəbərdarlıq edib ki, əgər təbiət sadəcə resurs kimi qəbul olunmağa davam etsə, Avropa nəinki iqlim hədəflərini, həm də ərzaq təhlükəsizliyini, sağlamlığını və yaşamaq üçün əlverişli mühiti itirəcək.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->