Xəbər lenti

Avropa İttifaqı ciddi narahatdır: Tramp seçilsə, müttəfiqlik bitəcək? (ŞƏRH)
Dünya 14:36 17.09.2024

Avropa İttifaqı ciddi narahatdır: Tramp seçilsə, müttəfiqlik bitəcək? (ŞƏRH)

"Trampın yenidən Ağ Evə gəlişi baş tutarsa, bu, ABŞ-ın siyasətində köklü dəyişikliklərə gətirib çıxarmayacaq. Amma siyasətdə müəyyən dəyişikliklər ola bilər”. 

Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Arif Əliyev ABŞ-da Prezidentin kimliyinin ölkənin xarici siyasətinin dəyişməsində nə kimi rol oynadığını şərh edərkən deyib: 

"Bu o demək deyil ki, ABŞ müttəfiqlərini dəyişəcək. Sadəcə, ABŞ Trampın yanaşma tərzinə görə öz müttəfiqlərilə işi başqa cür quracaq. Onların əvəzinə öz üzərinə müəyyən əlavə təhlükəsizlik öhdəlikləri götürməyəcək. Şübhə yoxdur ki, Tramp yenidən qayıdarsa, bunları edəcək. Çünki birinci prezidentlik dövründə bunu etmişdi və həmin səbəbdən onun dövründə ABŞ-la Avropa İttifaqı arasında ciddi problemlər yaşanmışdı. Belə bir vəziyyət yenidən yaranacağı təqdirdə, Aİ öz müdafiə sistemini yaratmaq və onun məsuliyyətini üzərinə götürmək barədə düşünməli olacaq, əlavə öhdəliklərlə yüklənəcək. İndiki vəziyyətdə də təhlükəsizlik və energetika məsələləri üzrə Aİ daxilində didişmələr, mübahisələr gedir”. 
 


Ekspert qeyd edir ki, Trampın gəlişilə ABŞ-ın dünyanın digər bölgələrinə münasibətində də bəzi dəyişikliklər yaranacaq: 

"Trampın İran, Çin məsələsində problemlərin həllinə öz yanaşma tərzi var. Bir çox hallarda onun mövqeyi ona gətirib çıxarır ki, ABŞ öz daxili məsələlərilə məşğul olmaq əvəzinə xaricdə başqasının yerinə cinayətkar tutur. Bütün bu istiqamətlərdə o özünü göstərəcək. Trampın dediyinə görə, hətta Ağ Evin Ukrayna siyasəti də xeyli dəyişəcək. İndiki ABŞ adminstrasiyasının əsas xətti Ukraynanın qələbəsinə nail olmaqdırsa, Trampı bu az maraqlandırır. Trampı daha çox orada sülhün bərqərar olması və ABŞ üçün daha az xərclə, daha az məsuliyyətlə başa gələn variantın seçilməsi maraqlandırır. Trampın bu sayaq ideyaları dünyanın əksər ölkələrinin ürəyincə deyil. Hərçənd bəzilərinin, demokratiyadan uzaq olan rejimlərin işinə yarayır”.

Qeyd edək ki, Tramp seçiləcəyi təqdirdə Aİ ABŞ-ın onu müttəfiq hesab etməyəcəyindən ehtiyat edir. Son dövrlər bu narahatlıq daha da artıb. Aİ ilə Vaşinqton arasında münasibətlər ABŞ-dakı seçkilər qabağı dəyişiklik ərəfəsindədir. İrlandiyanın dövlət xərcləri naziri Paskal Donoxyu bildirib ki, Trampın yenidən seçilmək ehtimalı Aİ-ni öz iqtisadiyyatını ABŞ-dan az asılı vəziyyətə gətirməyə məcbur edir. Onun sözlərinə görə, bu addım, seçkidən sonra ABŞ-ın öz siyasətini dəyişəcəyi təqdirdə Aİ-nin daha güclü mövqedə olmasına imkan verəcək. 
 
Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->