Dünya 09:28 14.02.2023

Avropa Parlamenti Saakaşvili üçün toplanır - Prezidentə çağırış

Fevralın 15-də Avropa Parlamenti Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin xaricə müalicə üçün köçürülməsi ilə bağlı qətnaməyə baxacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Georgia Online” nəşri yazır.
 
Fevralın 15-də deputatlar beş siyasi qrup - "Avropa xalq partiyası”, "Renew Group”, Sosial Demokratlar, Yaşıllar/Avropa Azad Alyansı və Avropa Mühafizəkarlar və İslahatçılar Qrupu tərəfindən hazırlanmış qətnaməyə səs verəcəklər.

Hər beş qrup siyasətçinin müalicə üçün xaricə köçürülməsini tələb edir. Qətnamədə qeyd olunur ki, yalnız real ədalət islahatı Gürcüstana siyasət, media, biznes və cəmiyyətdəki qütbləşməni aradan qaldırmağa, namizəd statusunun əldə edilməsi ilə bağlı Avropa İttifaqının əsas tövsiyələrinin həyata keçirilməsinə töhfə verəcək.

"Renew Group”un hazırladığı qətnamənin mətnində həmçinin prezident Salome Zurabişvilini Saakaşvili məsələsini həll etmək üçün konstitusiya hüququndan istifadə etməyə çağırır.

"Avropa Mühafizəkarlar və İslahatçılar Qrupu” və "Avropa Xalq Partiyası”nın hazırladığı mətndə Saakaşvilinin vəziyyətinin pisləşməsində "oliqarx Bidzina İvanişvilinin şəxsi rolu”na işarə edilir və ona qarşı sanksiyaların tətbiqi tələb olunur.

Qətnamənin yekun mətni fevralın 15-də keçiriləcək səsvermə zamanı məlum olacaq.

Ukrayna rəsmilər, o cümlədən prezident Volodimir Zelenski həm də Ukrayna vətəndaşı olan Saakaşviliyə qarşı işgəncələrin dayandırılmasını tələb edib.

Bundan başqa, Polşa Gürcüstan hökumətinə Saakaşvilini müalicə üçün qəbul etməyi təklif edib.

Xatırladaq ki, fevralın 6-da Tiflis şəhər məhkəməsi Saakaşvilinin vəkillərinin səhhətinə görə vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatətini təmin etməyib.

Nizami Bağırov