XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Avropada elektrikli avtomobil satışları 13 faiz artıb
Dünya16:59 24.08.2026

Avropada elektrikli avtomobil satışları 13 faiz artıb

Yüksək neft qiymətləri, dövlət subsidiyaları və daha münasib qiymətli modellərin bazara çıxması Avropada istehlakçıları daxiliyanma mühərrikli avtomobillərdən imtina edərək elektrikli nəqliyyat vasitələrinə yönəldir.

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, iyul ayında Avropanın əsas avtomobil bazarlarında elektrikli avtomobillərin qeydiyyatı artıb. “New Automotive” araşdırma qrupu və “E-Mobility Europe” sənaye qurumunun məlumatına görə, Avropa İttifaqı və Avropa Azad Ticarət Assosiasiyasına daxil olan ölkələrdə avtomobil satışlarının 90 faizindən çoxunu əhatə edən 16 bazarda elektrikli avtomobillərin qeydiyyatı illik ifadədə 13 faiz yüksəlib.

Bu bazarlarda yeni avtomobillərin ümumi satışında elektrikli modellərin payı 25,7 faizə çatıb.

Avropa İttifaqında elektrikli avtomobil satışları isə ilin ilk yarısında 2025-ci ilin eyni dövrü ilə müqayisədə 40,5 faiz artaraq 1,2 milyonu ötüb. Elektrikli avtomobillərin ümumi satışlardakı payı 20,7 faiz təşkil edib.

“Renault” şirkətinin Böyük Britaniyadakı baş direktoru Adam Vud bildirib ki, istehlakçılar yanacaq qiymətlərindəki dəyişikliklərdən qorunmaq üçün alternativlər axtarırlar.

“İnsanlar yanacaq qiymətlərindəki dalğalanmalardan qorunmağın yollarını axtarırlar və elektrikli avtomobillər bunun əla üsuludur. Elektrikli avtomobillərin əsas bazarın bir hissəsinə çevrildiyi dönüş nöqtəsindəyik”, - deyə o bildirib.

İki il əvvəl “Renault”un Böyük Britaniyadakı satışlarının yalnız 10 faizi elektrikli avtomobillərin payına düşürdü. Bu ilin iyulunda isə elektrikli modellər şirkətin sifarişlərinin 50 faizindən çoxunu təşkil edib.

“Renault 5” modeli ötən ay Böyük Britaniyada ən çox satılan elektrikli avtomobil olub. Şirkət ilin sonlarına doğru elektrikli “Twingo” modelini də satışa çıxarmağı planlaşdırır.

Elektrikli avtomobillərə marağın digər Avropa ölkələrində də artdığı bildirilir. Amsterdamda yerləşən onlayn avtomobil bazarı “OLX”un məlumatına görə, İran müharibəsi başlayandan sonra elektrikli avtomobillərə dair müştəri tələbləri Fransada 84 faiz, Rumıniyada 59 faiz, Portuqaliyada 30 faiz, Polşada isə 19 faiz artıb.

Şirkət münasib qiymətləri ilə tanınan Çin avtomobil markalarının elektrikli modellərinin də onlayn elanlarda payının artdığını qeyd edib.

“OLX”un baş direktoru Kristian Gizi istehlakçıların elektrikli avtomobil texnologiyasına inamının artdığını bildirib.

Almaniyanın onlayn avtomobil bazarı “Carwow” tərəfindən iyulun sonunda 1000 nəfər arasında keçirilən sorğuda iştirak edənlərin 62 faizi davamlı yüksək yanacaq xərclərinə qarşı uzunmüddətli ən yaxşı həllin elektrikli avtomobilə keçmək olduğunu deyib.

Avropada həm ənənəvi avtomobil istehsalçıları, həm də Çin şirkətləri subsidiyaların dəstəklədiyi daha münasib qiymətli elektrikli modelləri bazara çıxarırlar.

ABŞ-da isə vəziyyət fərqlidir. Donald Tramp administrasiyası ötən il federal elektrikli avtomobil vergi güzəştini ləğv edib. Nəticədə ikinci rübdə elektrikli avtomobil satışları birinci rüblə müqayisədə 15 faiz artsa da, illik əsasda 20 faizdən çox azalıb.

“Cox Automotive”in proqnozuna görə, ABŞ-da elektrikli avtomobil satışları bu il 2025-ci illə müqayisədə 23 faiz azalacaq və onların bazar payı 6,2 faizə düşəcək. Bu vəziyyət ölkədə münasib qiymətli modellərin kifayət qədər olmaması ilə də əlaqələndirilir.

Bununla yanaşı, Avropada elektrikli avtomobillərin geniş yayılmasının qarşısında müəyyən maneələr qalır. “AutoAnalysis” konsaltinq şirkətinin nümayəndəsi İan Henri ictimai enerji doldurma məntəqələrinin kifayət qədər olmamasının, xüsusilə mənzillərdə yaşayan milyonlarla avropalı üçün elektrikli avtomobil sahibi olmağa maneə yaratdığını bildirib.

Onun sözlərinə görə, bu problem həll edilmədiyi halda satışların artım tempini qoruması çətinləşə bilər.

Günay