İran ABŞ-a münaqişənin həlli üzrə Amerika blokadasının ləğvini, Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasını və ardınca Tehranın nüvə proqramı üzrə danışıqlara keçidi özündə ehtiva edən yeni təklif göndərib.
"Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İran tərəfi Pakistanın vasitəçiliyi ilə yeni təklifi Vaşinqton nümayəndələrinə çatdırıb.
"Təşəbbüs danışıqlar prosesindəki mövcud dalandan çıxmağa və İran rəhbərliyinin [ABŞ Prezidenti Donald] Tramp administrasiyası ilə razılaşma əldə etmək naminə getməyə hazır olduğu nüvə güzəştlərinin həcmi ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa yönəlib", - nəşr qeyd edib.
"Axios" qeyd edib ki, İranın təşəbbüsü, ilk növbədə, Hörmüz boğazı ətrafındakı böhranlı vəziyyətin həllinə və Amerika blokadasının ləğvinə hesablanıb. Hər iki tərəfin qüvvədə olan atəşkəs rejimini "uzun müddətə uzatması və ya hərbi əməliyyatların tam və qəti şəkildə dayandırılması barədə razılığa gəlməsi" nəzərdə tutulur.
"İrəli sürülən təklifə əsasən, nüvə [proqramı] üzrə danışıqlar yalnız növbəti mərhələdə, Hörmüz boğazında blokada aradan qaldırıldıqdan və iqtisadi blokada ləğv edildikdən sonra başlayacaq", - portal vurğulayıb.
Nəşrin məlumatına görə, Amerika Prezidenti aprelin 27-də "İranla danışıqlarda yaranmış çıxılmaz vəziyyətin müzakirəsi və münaqişənin gedişatında gələcək fəaliyyət üçün mümkün variantların nəzərdən keçirilməsi" məqsədilə Nazirlər Kabinetinin iclasını çağırmağı planlaşdırır.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.
Media yazıb ki, aprelin 27-də İslamabadda, İran və ABŞ arasında danışıqların növbəti raundu keçirilməli idi və bunu Ağ Ev də təsdiqləmişdi. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner şənbə günü İslamabada uçmalı idilər, lakin bundan qısa müddət əvvəl Tramp öz nümayəndələrinin Pakistana səfərini ləğv etdiyini bildirib.
Şərhlər