Bu gün "Azərbaycan" nəşriyyatı "Azadlıq" qəzetini borc səbəbindən çap etməkdən imtina edib.
Anspress-in məlumatına görə, bu barədə qəzetin baş redaktorunun müavini Rahim Hacıyev açıqlama verib:
"Bu gün nəşriyyat bizə xəbərdarlıq etdi ki, qəzetin nəşriyyata borcu ödənilmədiyindən qəzeti çap edə bilməyəcək. Bizim "Azərbaycan" nəşriyyatına 20 min manatdan artıq borcumuz var. Amma bu, bizim günahımızdan deyil, qəzetimizi satan "Qasid" mətbuat yayımı firmasının günahı üzündən yaranan borcdur. Belə ki, bu firma illərdir ki, bizdən qəzet alıb satır, 70 min manatdan çox pulumuzu vermir. Dəfələrlə "Qasid"in qarşısında aksiyalar keçirmişik, amma xeyri olmayıb. Nəticədə biz də nəşriyyata olan çap xərci və kommunal xidmətlərə görə borclarımızı ödəyə bilmirik".