Azərbaycan siyasətində zaman-zaman “qardaşlar” problemi özünü göstərib. Hesab edin ki, tanınmış iki qardaş siyasətdədir, amma nə siyasi, nə də şəxsi münasibətləri qaydasındadır. Hətta bu anlaşılmazlıq illərin küsülülüyünə çevrilir. Bəli, Azərbaycanın siyasi arenasında bu mənzərə var.
Qısa bir xatırlatma indiki məqamda da yerinə düşər. Məsələn, Rüstəm İbrahimbəyovla qardaşı, deputat Maqsud İbrahimbəyov həm siyasi, həm şəxsi münasibətləri ziddiyyətli olan qardaşlardandır. İbrahimbəyovlar xüsusən də 2013-cü ildəki prezident seçkilərində öz fərqli mövqelərini bir daha cəmiyyət önündə nümayiş etdirdilər. Maqsud İbrahimbəyov isə dəfələrlə müsahibəsində böyük qardaşının mövqeyinə sayğı ilə yanaşdığını, amma onunla eyni fikirləri bölüşmədiyini deyib.
M.İbrahimbəyov isə daha öncə “Yeni Müsavat”a açıqlamasında R.İbrahimbəyovun onun ögey qardaşı olduğunu deyib. Bundan başqa, qardaşı olmasına baxmayaraq, prezident seçkilərində onu dəstəkləməyəcəyini də vurğulayıb.
ADP sədri Sərdar Cəlaloğlu ilə Qurban Məmmədovun sərt münasibətləri, fərqli baxışları isə onları küsülülük həddinə çatdırıb. Qardaşlar illərdir ki, danışmırlar. Hər ikisi tarixin müxtəlif dönəmlərində həbsdə olarkən də bir-birinə dəstək verməyiblər və azadlığa çıxandan sonra verdikləri müsahibələrində də bunu bildiriblər. Məsələn, Q.Məmmədovun həbsinə münasibət bildirən qardaşı, ADP sədri Sərdar Cəlaloğlunun “mən onunla beş ildir danışmıram” fikri cəmiyyətdə təəccüblə qarşılanıb. Editor.az-a açıqlamasında ADP sədri Qurban Məmmədovla düşmən olmadığını, sadəcə, aralarının dəydiyini diqqətə çatdırıb: “Düzdür, biz Qurbanla beş ildir danışmırıq. Bunun siyasətə heç bir aidiyyəti yoxdur. O səbəbdən ki, bizim dünyagörşlərimiz arasında kəskin fərq var. Əgər kiminləsə dünyagörüş ortağısansa, demək, həmin adam sənin qardaşındır. Mənim yanaşmam belədir. Hesab edirəm ki, məhz hadisələrə baxışın, dünyagörüşün fərqli olması siyasətdə qardaşları rəqibə çevirir”.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə qardaşı, satirik yazar Mirzə Sakit arasındakı buzların təməli isə illər öncə qoyulub. Öncə maddi problemlər, ardınca Mirzə Sakitin “Azadlıq” qəzetində çapı mümkün olmayan şeirləri ilə bağlı narazılıq yarandı. Və qardaşlar yollarını ayırdılar. Hazırda satirik Mirzə Sakit Belçikada, Q.Zahid isə Fransadadır. Birinci rəsmən mühacir həyatı yaşayır, baş yazar isə Fransada mühacirət alan ailəsinin yanına gedib-gəlir. Yəni, küsülü qardaşların arasına bu dəfə də uzaq məsafələr girib.
Zərdüşt Əlizadə və Araz Əlizadə qardaşları arasındakı gərginlik, narazılıq isə Azərbaycan jurnalistləri üçün qədim mövzudur. 1990-cı illərin əvvəllərində bir partiyanın - ASDP-nin həmsədrləri olan qardaşlar daha sonra yollarını ayırdılar. Bunun səbəbləri barədə çox adamın məlumatı olmasa da, qardaşlar bir-birinin ünvanına media vasitəsilə hər hansı sərt ifadə işlətməyiblər. Əlizadələr yollarını ayırsalar da, siyasi mövqeləri hər zaman eynidir.
Əslində örnəkləri artırmaq da olar. Xüsusən də tarixi faktlar arasında belə nümunələr xeyli çoxdur. Taxt-tac uğrunda oğlunu, qardaşını öldürənlər, sürgün edənlər... saylar az deyil. Amma nəticə dəyişmir. Tanınmış insanlar öz qardaşları ilə bir çox sferalarda ortaq məxrəcə gəlsələr də, siyasi məsələlərdə yolları kəsişir. Siyasi ambisiya, eqo qabarması, yoxsa məşhurluq xəstəliyi? Qan bağlarına bu detallardan hansı daha çox təsir edir, münasibətləri soyudur? Bunun alt şüura söykənən səbəbləri hansılardır?
Psixoloq Orxan Fərəcli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu məsələyə din, etiqad prizmasından baxmaq lazımdır. Onun sözlərinə görə, bəzən dini dünya görüş də qardaşları ayıra bilir: “Siyasətdə də belədir. Siyasi baxış bucağı da dünyagörüşü məhz din kimidir. Burda eqo məhsulundan daha çox əqidə dönməzliyi əsas rol oynayır. Çünki tutulan prinsipial mövqedən geri dönmək birbaşa şəxsiyyətlərin alçalması anlamına gəlir”.
Eskpert onu da dedi ki, siyasətçilərin böyük əksəriyyətində paranoid və obssesiv tip xarakter müşahidə olunur. Müsahibimizin dediyinə görə, bu tip xarakterli insanlar hər verilən suala şübhəli yanaşa, edilən hər davranışın onlara qarşı kompromat olduğunu deyə bilər: “Bundan başqa, ifrat dəqiqlik, məsuliyyət, geyim və xarizmanı qorumağa hər vəchlə çalışırlar. Bu şeylər hətta doğmalarınla münasibəti korlamaq bahasına olsa belə”.
Modern.az saytı bir müddən əvvəl Rəsul Quliyev və qardaşı Telman Quliyev arasındakıziddiyyət haqqında məlumat yaymışdı. Məlumata görə, Rəsul Quliyev hakimiyyətəleyhdarı olsa da, qardaşı Telman Quliyevin YAP-ın namizədi İlham Əliyevi dəstəkləməsi haqda bəyanatımaraq doğurdu. Quliyev qardaşları da hakimiyyətə münasibətdə fərqli yanaşmaortaya qoymaqla siyasi rəqibə çevriliblər.
Qaynar.info