Sağlamlıq 12:47 06.01.2023

Azərbaycanda yayılan virus nədir: Koronanın yeni variantı, donuz qripi, yoxsa adi qrip?

Namiq Nəbiyev: Hazırda yayılan qrip yox, koronanın mutasiya olunmuş formasıdır

"Fikrimcə, yayılan xəstəlik qrip yox, koronanın mutasiya olunmuş formasıdır. Sadəcə olaraq, biz buna qrip deyirik”. 

Bunu Qaynarinfo-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev son günlər ölkədə geniş yayılan qrip virusundan danışarkən deyib. 

Həkim yayılan virusun çox ciddi xəstəlik olduğunu bildirib:



"Bu virusun əlamətləri temperatur, oynaq ağrıları, öskürmə, bəlğəm, ağ ciyərlərin üzərində quru xırıltının olması, halsızlıq, ətrafa biganə reaksiyaların mövcudluğu və s. kimi kliniki gedişləri var. Bütün bunlar koronada olan əlamətlərdir”. 

Professor Adil Qeybulla isə Qaynarinfo-ya bildirib ki, bu gün Azərbaycanda hansı respirator infeksiyanın yayılmasını iddia etmək çətindir:



"Bunu ancaq rəsmi orqanlar tədqiq edərək deməlidir. Məsələn, Rusiyada və Ermənistanda donuz qripi yayılıb, rəsmən elan olunub. Bu virus kifayət qədər geniş yayılıb. Azərbaycanda da onun yayılması istisna olunmur. Amma Avropada influenza qrip virusu yayılıb və elan olunub. Digər tərəfdən, koronavirus pandemiyası da davam edir, "Omikron"un mutasiya edən ştamları var. 

Hazırda belə bir qarışıq vəziyyətdir. Yaxşı olar ki, insanlar bu virusa sayğısız yanaşmasınlar. Koronavirus pandemiyası dövründə əldə etdikləri təcrübədən yararlansınlar. Yəni, maska taxmaq, dizenfeksiya tədbirləri, məsafə gözləmək, qapalı yerlərdə diqqətli olmaq lazımdır. Hesab edirəm ki, mövsümi soyuqdəymə xəstəlikləri baş qaldıranda bundan istifadə etmək lazımdır. Nəzərə almaq lazımdır ki, bu cür epidemiyalar bizi gözləyir”.

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev də yayılan virusla bağlı açıqlama verib. TƏBİB rəsmisi "Trend"ə bildirib ki, hazırda yayılan virusun qrip olduğu ehtimal edilir:



"Qış aylarında sadəcə koronavirus deyil, eyni zamanda artıq Avropada da geniş yayılmaqda olan qrip virusu da özünü göstərir. Qripə yoluxan insanlarla COVID-19-a yoluxan insanların sayı eyni nisbətdə görülür. Təbii ki, Azərbaycanda da qızdırma, öskürək, ümumi halsızlıqla bağlı şikayətlər qış aylarında artmağa başlayır və sürətlə yayılır. Azərbaycanda hazırda yayılan virusun qrip olduğu ehtimal edilir.

İstənilən halda, həm koronavirusa, həm də qripə qarşı profilaktik tədbirlər və müalicə eynidir. Sadəcə sağlam qidalanaraq, mövsümə uyğun geyinərək, zamanında peyvənd olunaraq virusdan qoruna bilərik. Artıq yoluxan insanlar isə gərəksiz antibiotik və qrip əleyhinə dərmanlardan uzaq durmalıdır".

Bahar Rüstəmli