Xəbər lenti

Azərbaycanın qızıl ixracı artıb - Ekspert səbəbləri açıqladı
Ekonomiks 16:26 29.07.2026

Azərbaycanın qızıl ixracı artıb - Ekspert səbəbləri açıqladı

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 202,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Rəsmi məlumatlara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 40,4 faiz çoxdur. Qızıl ixracından əldə olunan gəlirlərin əhəmiyyətli dərəcədə artması dünya bazarında qiymətlərin yüksəlməsi və ölkədə hasilatın dinamikası ilə bağlı suallar doğurur.

Mövzunu Qaynarinfo-ya şərh edən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, qızıl ixracının dəyər ifadəsində 40,4% artması müsbət iqtisadi göstərici kimi qiymətləndirilə bilər. Lakin bu rəqəmi təhlil edərkən nəzərə almaq lazımdır ki, ixrac gəlirinin artması təkcə daha çox qızıl hasil edilməsi demək deyil:
 
"Burada dünya bazarında qızılın qiymətinin yüksəlməsi də mühüm rol oynayır. Əgər beynəlxalq bazarda qızıl bahalaşırsa, eyni həcmdə ixrac edilən məhsuldan daha çox gəlir əldə olunur. Son dövrdə qlobal bazarlarda qızılın qiymətinin yüksək səviyyədə qalması, mərkəzi bankların qızıl alışlarını artırması və geosiyasi risklərin davam etməsi bu məhsulun ixrac gəlirlərini artıran əsas amillərdən biridir. İnvestorların qeyri-müəyyənlik şəraitində qızıla üstünlük verməsi qiymətləri yüksək saxlayır və qızıl ixrac edən ölkələrin gəlirlərinə müsbət təsir göstərir.

Artımın digər mümkün səbəbi hasilatın və ixrac həcminin yüksəlməsi ola bilər. Əgər mədənlərdə istehsal artıb və ya ixrac olunan qızılın həcmi genişlənibsə, bu da ümumi ixrac dəyərinin yüksəlməsinə səbəb olur. Bunun hansı amildən daha çox qaynaqlandığını müəyyən etmək üçün dəyər göstəricisi ilə yanaşı fiziki ixrac həcminə də baxmaq vacibdir".
 


Bu artımın dayanıqlı olub-olmayacağı haqqında da danışan ekspert bildirib ki, bu əsasən dünya qızıl bazarındakı vəziyyətdən asılıdır:

"Əgər qlobal iqtisadi qeyri-müəyyənlik, geosiyasi risklər və mərkəzi bankların yüksək qızıl tələbi davam edərsə, qızılın qiyməti yüksək qala və ixrac gəlirləri də müsbət dinamikasını qoruya bilər. Əksinə, dünya iqtisadiyyatında sabitlik güclənər, faiz dərəcələri yüksək səviyyədə qalmağa davam edər və investorların riskli aktivlərə marağı artsa, qızılın qiymətində korrektə baş verə bilər ki, bu da ixrac gəlirlərinə təsir edər.

Ona görə də hazırkı artımı tam şəkildə uzunmüddətli və dayanıqlı tendensiya kimi qiymətləndirmək hələ tezdir. Bu göstəricinin davamlı olması üçün təkcə yüksək dünya qiymətləri deyil, həm də hasilatın səmərəliliyinin artırılması, ixrac imkanlarının genişləndirilməsi və qızıl sektoruna investisiyaların davam etməsi vacibdir. Hazırkı mərhələdə artım həm əlverişli beynəlxalq qiymət konyunkturasının, həm də daxili istehsal amillərinin birgə təsiri kimi qiymətləndirilə bilər".
 
Günay İlqarqızı

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->