ABŞ prezidenti Co Bayden bəyan edib ki, rəsmi Kiyev Vaşinqtonun Ukrayna ərazisində müharibənin başlanması ilə bağlı məlumatlarına inanmayıb. ABŞ prezidenti bildirib ki, Volodimir Zelenski bir çox başqaları kimi bu barədə eşitmək belə istəməyib. Bununla belə, Bayden belə bir reaksiyanı anlaşılan hesab etdiyini bildirib.
Qeyd edək ki, müharibə ərəfəsində ABŞ adminstrasiyası dəqiq tarix göstərərək, Rusiyanın Ukraynaya qarşı münaribəyə başlayacağını bəyan etmişdi. Lakin həmin vaxt Kiyev bu məlumatı o qədər də ciddiyə almamışdı. Savaş öncəsi Baydenlə Zelenski nədə anlaşa bilməyiblər? Bayden yuxarıda açıqladığı fikirləri nədən müharibənin başlanmasından 100 gündən də çox vaxt keçəndən sonra deyir? Ümumiyyətlə, Vaşinqton prosesin hansısa bir mərhələsində Ukrayna məsələsində geri çəkilə bilərmi?
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Turan Rzayev düşünür ki, Zelenski Rusiyanın belə bir addım ata biləcəyini düşünməyib:
"ABŞ və İngiltərə kəşfiyyatı hələ müharibə başlamamışdan öncə gec-tez bu savaşın başlanacağı barədə məlumatlar verirdi. Hətta onlar konkret tarixləri də söyləyirdilər. Amma görünür, Zelenski Rusiyanın belə bir addıma gedəcəyini güman etməyib. Çünki bir ərazidə separatçılıqla məşğul olmaq ayrı məsələdir, irimiqyaslı müharibə aparmaq isə bir başqa məsələdir. Zelenski həm də Rusiyanın bütövlükdə Qərbi qarşısına alacağını da düşünmürdü. Kiyev görünür, ona təqdim olunan dəlillərə çox da inanmayıb”.
Politoloqun fikrincə, bu heç də o anlama gəlməməlidir ki, Zelenski Baydenə etibar etmir:
"Sadəcə o, düşünmürdü ki, Moskva Qərbi qarşısına alaraq, Ukraynaya müharibə elan edəcək. Amma Qərbin Ukraynaya dəstəyi də gözlənilən həddə olmadı. Bu baxımdan, Qərb də Zelenskinin ümidlərini tam doğrulda bilməyib. Bu mənada, Zelenski tək Rusiya məsələsində deyil, Qərb məsələsində də müəyyən dərəcədə yanılıb”.
ABŞ prezidentinin müharibə başlanan ilk dövrlər deyil, xeyli müddət keçəndən sonra sözügüdən məqamı qabartmasına gəldikdə, ekspert bildirir ki, bu tək Baydenlik məsələ deyil:
"Amerikanın siyasətinə təsir edən mexanizmlər çoxdur. Pentaqonun, Senatın, Konqresin də təsir gücü var. Prezidentlik institutu həmin təsisatlara tabedir. Yekun qərarı prezident versə də, əsas məsələ Amerika daxili siyasətində formalaşır”.
Bütün bunlara rəğmən, həmsöhbətimiz Ağ Evin Ukrayna məsələsində geri çəkilməyəcəyini qeyd edir:
"Bu mümkün deyil. Vaşinqton uzağı danışıqlara getmək istiqamətində Kiyevə təkliflər verə bilər. Amma ABŞ Ukraynadan geri çəkilməyəcək. Onlar Baltik ölkələrindən sonra, Ukrayna, Moldova və Gürcüstanda möhkəmlənib. Ona görə də indiki mərhələdə Ukrayna müharibəsinin uzanması Vaşinqtona sərf edir. Çünki bu vəziyyətdə Rusiya günü-gündən daha da zəifləyir. Kiyevlə Moskvanın danışıqlara gedəcəyi ssenarisi reallaşsa, əmin ola bilərik ki, ABŞ istəyinə nail olub”.
Rüfət Sultan