ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hunter Bayden atasının Ağ evi tərk etməsindən sonra gəlirlərinin kəskin azalması və çoxmilyonluq borclarla üzləşməsi fonunda rəsmlərini sataraq gəlir əldə etməyə çalışır.
Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" (NYP) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Hanter Baydenin borcları 20 milyon ABŞ dollarını ötüb, rəsm əsərlərinin və kitablarının satışından əldə etdiyi gəlirlər isə əhəmiyyətli dərəcədə azalıb.
Məqalədə bildirilir ki, Hanter Bayden öz brendini tanıtmaq və yeni rəsm kolleksiyasını təqdim etmək üçün sosial şəbəkələrdə milyonlarla izləyicisi olan ultrasağ yönümlü influenserlərin iştirakı ilə informasiya kampaniyası aparır.
Nəşrin yazdığına görə, kolleksiyadakı bir rəsm əsərinin qiyməti 54 min ABŞ dollarıdır. Alıcıya əlavə olaraq Hanter Baydenlə videobağlantı imkanı təqdim edilir və o, əsəri barədə şəxsən məlumat verir.
Bundan əvvəl Hanter Bayden aparıcı Kendis Ouensə müsahibəsində narkotik asılılığı ilə mübarizəsindən danışaraq özünü "deqradasiyaya uğramış krek asılısı” adlandırmışdı.
Onun sözlərinə görə, asılı olduğu dövrdə yaxınları ilə münasibətlərini pozan və qəbul etdiyi qərarlara mənfi təsir göstərən ağır səhvlərə yol verib. O etiraf edib ki, onun üçün ən çətin məqam onu sevən insanlardan uzaq düşməsi olub.
Bayden həmçinin bildirib ki, şəxsi yazışmaları, fotoları və digər məlumatları ictimaiyyətə sızdırıldıqdan sonra həyatını davam etdirmək və ya tamamilə ruhdan düşmək arasında seçim etməli olub.
Onun sözlərinə görə, nəticədə bütün təzyiqlərə və ictimai diqqətə baxmayaraq, mübarizə aparmaq və ayıq həyat tərzini qorumaq qərarına gəlib.
Aydın
Şərhlər