"Baydenlə Putinin son telefon danışığı da gərginliyi azaltmadı”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli ABŞ Prezidenti Co Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan son telefon danışığını şərh edərkən deyib:
"ABŞ Prezidentilə Rusiya Prezidenti arasında Ukrayna məsələsilə bağlı son telefon danışığı o qədər də uğurlu alınmayıb. Danışıqlar göstərdi ki, hələ də hər iki tərəf öz mövqeyində dayanıb və heç biri geri çəkilmək niyyətində deyil. Putin əvvəllər irəli sürdüyü məsələləri yenidən təkrarladı. Bayden isə müəyyən qədər hədələmə taktikası seçdi. Vəziyyətin müharibə həddinə çatacağı təqdirdə baş verə biləcək hadisələrin sonu barədə fikirlərini diqqətə çatdırdı”.
Həmsöhbətimizin fikrincə, son telefon danışığı göstərdi ki, hər iki tərəf sona qədər getməkdə maraqlıdır:
"Onun nəticəsidir ki, bu danışıqlar da heç bir güzəşt əldə olunmadan başa çatdı. Dövlət Departamentinin rəhbəri Blinkenlə Rusiya xarici işlər naziri Lavronun danışığı da bu cür qarşılıqlı ittihamlar müstəvisində getmişdi. Bu isə onu göstərir ki, sözügedən problemlə bağlı vəziyyət daha da gərginləşməyə doğru istiqamət götürür və hadisələrin bundan sonra necə cərəyan edəcəyini söyləmək çətindir”.
Rüfət Sultan