Xəbər lenti

Baydenlə Zelenskinin görüşü niyə yenidən təxirə salındı? (ŞƏRH)
Siyasət08:48 30.08.2021

Baydenlə Zelenskinin görüşü niyə yenidən təxirə salındı? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Kiyevlə Vaşinqton arasında müəyyən məsələlərdə fikir ayrılığı var”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞPrezidenti Cozef Bayden arasında sabaha nəzərdə tutulan görüşün yenidən təxirə salınmasından danışarkən deyib: 
"Ukrayna ilə ABŞ arasında siyasi əlaqələr yüksək səviyyədədir. Vaşinqton Kiyevə müəyyən dəstək verir. Rusiya ilə ABŞ arasında müəyyən fikir ziddiyyətləri var. Bu ziddiyyət fonunda ABŞ Ukrayna məsələsində indiki halda Rusiya ilə toqquşmaqdan müəyyən qədər çəkinir. Kiyevdə "Krım platforması” keçirildi ki, Qərbin prosesə böyük dəstəyi oldu. Ukranya və ABŞ Prezidentləri arasında görüşün keçirilməsi də planlaşdırılmışdı. Bu görüşdə Kiyevə hərbi dəstəyin verilməsi və s. məsələlər müzakirə olunmalı idi. Amma görüş hələlik təxirə salınıb”.
Həmsöhbətimiz düşünür ki, bəzi məsələlərdə Kiyevlə Vaşinqton hələlik ortaq məxrəcə gələ bilməyiblər: 
"Bu da ondan xəbər verir ki, Kiyevlə Vaşinqton arasında müəyyən məsələlərdə fikir ayrılığı var. Ukrayna daha çox dəstəyin olmasına çalışır. NATO-ya üzv olmaq, maliyyə yardımı və daha güclü silahların verilməsini istəyir. Görünür, bu məsələlərdə iki ölkə hələlik razılığa gələ bilmir. Ona görə də ziddiyyətli mövzular ətrafında müzakirələr davam etdiyindən görüş hələlik baş tutmur”. 
 
Politoloq bildirib ki, nə qədər təxirə salsalar da, əvvəl-axır görüş baş tutacaq:
"Ukraynaya hərbi və siyasi dəstək verilməsi barədə müqavilələr imzalanacaq. Ukraynada hətta ABŞ-ın hərbi bazasının yaradılması məsələsi də reallaşa bilər”.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ Prezidenti Cozef Bayden arasında avqustun 31-nə təyin edilən görüş təxirə salınıb. Məlumata görə, onlar yalnız sentyabrın 1-də görüşəcəklər. Xatırladaq ki, bu görüş ikinci dəfədir təxirə salınır. Bundan əvvəl prezidentlərin avqustun 30-da görüşəcəkləri planlaşdırılmışdı. 
Rüfət Sultan