Xəbər lenti

Blinkenin Bakıya telefon zəngi: ABŞ nə istəyir?
Siyasət08:07 31.07.2023

Blinkenin Bakıya telefon zəngi: ABŞ nə istəyir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Entoni Blinkenin zəngi ABŞ-ın sülh prosesinin gedişindən narahat olduğunun ifadəsidir”. 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığını şərh edərkən deyib.
Onun fikrincə, Ermənistanın Qarabağ ermənilərilə bağlı iddiaları danışıqların sərhəd, sülh sazişi, kommunikasiya və dəhlizləri açılması kimi bütün məsələlərin üzərindən xətt çəkir:
"Danışıqlarda müzakirə olunan məsələlər daha çox dövlətlərarası məsələlərdir. Görünən odur ki, hər hansı bir ciddi problem yoxdur. Bütün məsələləri danışıqlar vasitəsilə həll etmək mümkündür. Lakin Ermənistanın Qarabağ ermənilərilə bağlı iddiaları danışıqların sərhəd, sülh sazişi, kommunikasiya və dəhlizləri açılması kimi bütün məsələlərin üzərindən xətt çəkir. Yaranan vəziyyətdə Qarabağ erməniləri daxilində gedən proseslər, Ermənistanın təxribat xarakterli hərəkətləri danışıqlar prosesinə böyük zərbə vurur. Belə olan halda isə iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün böyük resurslar səfərbər edən ABŞ prosesin gedişindən narahatdır. Bu mənada da ABŞ çalışır ki, çıxış yolları tapsın. Lakin ABŞ-ın mövqeyi də davamlı və məntiqli deyil. Çünki ABŞ Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hər hansısa bir fikri tam olaraq bildirmir. ABŞ-ın ölkəmizdəki səfrləri digər səfirlərdən fərqli olaraq Şuşaya getmədi. Bütün bunlar isə Qarabağ erməniləri və İrəvanda müəyyən ümidlər yaradır. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır, məntiqli və davamlıdır. Bu mənada ki, ərazi bütövlüyümüzün tanınması açıq şəkildə bildirilməlidir. Hazırda bunu görmürük. Ona da diqqət yetirək ki, dövlət katibi Blinken çıxışı zamanı Dağlıq Qarabağ ifadəsindən istifadə edib”.
Blinkenin humanitar məsələ ilə bağlı Laçın keçid-buraxılış məntəqəsi ilə yanaşı digər alternativ yollar vasitəsilə də keçidin önəminə toxunmasına gəlincə, həmsöhbətimiz bildirir ki, o sadəcə olaraq, Azərbaycanın yaratdığı reallıqlar fonunda məcbur olaraq belə fikir səsləndirib:
"Təəssüf ki, həmin məsələ ilə bağlı ABŞ özü vasitəçi olaraq belə təkliflər irəli sürmür. Azərbaycanın bu istiqamətdə atdığı addımla razılaşanlar danışıqlarda uğur qazanacaq, razılaşmayanlar isə yaxın gələcəkdə vasitəçilikdən uzaqlaşdırılacaqlar”.
Qeyd edək ki, iyulun 29-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə danışıqlar və bölgədə son vəziyyət müzakirə olunub. 
Rüfət Sultan