Siyasət 18:55 09.02.2024

“Brüssel formatı” yenidən aktuallaşır (ŞƏRH)

"İlham Əliyev Şarl Mişelə verdiyi cavabında "Brüssel formatı”nda üçtərfəli görüşə hazır olduğunu bəyan edirsə, deməli, mahiyyət etibarı ilə prosesin yenidən başlanmasına razılıq verib”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Ekspert bildirib ki, Şarl Mişelin Azərbaycan Prezidentini qələbə münasibətilə təbrik etməsi proseslərdən kənarda qalmaq istəmədiyinin nümayişidir:

”İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycanla Ermənistan arasında danışıqlarda Avropa Birliyinin vasitəçiliyinə prinsip etibarı ilə etiraz etmir. Amma bu  vasitəçilik son nəticədə səmərəli olmalıdır. Bir müddət səmərəli olmadığına, prosesə Fransa və Almaniyanın timsalında başqa qüvvələri cəlb etdiklərindən Bakı ondan imtina etdi. İndiki halda üçtərəfli görüşdən söhbət gedirsə, onu müsbət hal kimi qiymətləndirmək lazımdır. Ona görə ki, üç tərəfin əlavə edilməsi fonunda, Avropa İttifaqı, Fransa və Almaniya hər biri ayrı-ayrılıqda daha çox öz maraqlarını müdafiə edirlər”. 
 


Q.Əlibəyli vurğulayıb ki, Fransa və Almaniyanın kənarlaşması fonunda isə ortada, Avropa İttifaqının timsalında bir qurum qalır:

”Təbii ki, bu qurumun da müəyyən siyasi maraqları var və çalışır ki, öz siyasi maraqlarını üçtərəfli görüşlər vasitəsilə həyata keçirsinlər. Bu mənada "Brüssel formatı”nda  çoxtərəfli görüşdənsə, elə həmin formatda üçtərəfli görüşün baş tutması realdır və nəticənin əldə edilməsinə daha çox səmərə verə bilər”. 

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, onu seçkilərdə qələbə münasibətilə təbrik edib. Ardınca Şarl Mişel üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında görüşlərin bərpa edilməsi ilə bağlı İlham Əliyevdən mövqeyini bildirməsini xahiş edib. Prezident İlham Əliyev cavabında Azərbaycanın Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri həmişə dəstəklədiyini bildirib. 

Rüfət Sultan