Koreya Respublikasının prokurorluğu Seul Ali Məhkəməsində keçirilən iclasda keçmiş prezident Yun Sok Yol üçün yenidən ən ağır cəzanın – ölüm hökmünün verilməsini tələb edib. O, 2024-cü ildə ölkədə hərbi vəziyyət elan etməklə qiyam təşkil etməyə cəhd göstərməkdə ittiham olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yonhap News Agency” məlumat yayıb.
Məhkəmədə irəli sürülən yeni tələb bu ilin fevral ayında birinci instansiya məhkəməsində prokurorluğun təqdim etdiyi əvvəlki müraciətlə eynidir. Həmin vaxt keçmiş prezident ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Prokurorlar isə ömürlük həbs cəzasını kifayət qədər sərt hesab etməyərək ölüm hökmünün çıxarılmasında israr edirdilər.
Yun Sok Yol qiyam işi ilə yanaşı, daha bir neçə məhkəmə prosesində də təqsirləndirilən şəxs qismində çıxış edir. Bu ayın əvvəlində Seul Rayon Məhkəməsi onu 2024-cü ildə hərbi vəziyyət elan etmək üçün bəhanə yaratmaq məqsədilə pilotsuz uçuş aparatlarını Şimali Koreyaya göndərməkdə təqsirli bilərək 30 il müddətinə azadlıqdan məhrum edib.
Bugünkü məhkəmə iclasında prokurorluq keçmiş müdafiə naziri Kim Yon Hyon üçün də ömürlük həbs cəzası tələb edib. O, daha əvvəl qiyamda iştirak etdiyinə görə 30 il həbs cəzasına məhkum olunmuşdu.
Aydın
Şərhlər