Xəbər lenti

Dünya 15:46 29.09.2025

"Bu qərar savaşın daha da şiddətlənməsinə səbəb olacaq" - Ekspert

"Trampın Ukraynaya Rusiyanın dərinliklərinə raket zərbəsi endirməyə icazə verməsi onun vasitəçilik missiyasının iflasa uğramasından qaynaqlanır". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov ABŞ prezidenti Donald Trampın Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirmək icazəsi verməsini şərh edərkən deyib.

"Nəhayət, ABŞ Ukraynaya Rusiyanın dərinliklərinə raket zərbəsi endirməyə icazə verdi. Zelenski uzun müddət idi ki, bu istiqamətdə çalışırdı və bu vaxta qədər buna nail ola bilməmişdi. Tramp birbaşa məsələni təsdiqləməsə də, onun adminstrasiyasında bəziləri, o cümlədən Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloq hadisəni təsdiqləyib. Bu fonda bəzi mütəxəssislər sözügedən icazəni Ukrayna-Rusiya müharibəsində yeni dövrün başlanğıcı, ciddi dönüş yaranacağı kimi xarakterizə edirlər".
 


Belə vəziyyət həmsöhbətimizin fikrincə, müharibənin yeni qüvvə ilə qızışmasına səbəb olacaq:

"Ukrayna bu günə qədər də Rusiyanın dərinliklərinə zərbələr endirirdi. Amma onu dronlar vasitəsilə edirdi. Bundan sonra isə  Kiyev birbaşa uzaq mənzilli raketlər vasitəsilə Rusiyanın dərinliklərinə zərbələr endirəcək. Tramp vəziyytətin bu səviyyəyə gəlib çatmasını istəmir və müharibənin qarşısını almağa səy göstərirdi. Amma Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirilməsinə icazə verilməsi müharibənin yeni qüvvə ilə qızışmasına səbəb olacaq. Bunun qarşılığında Rusiya da Ukrayna  şəhərlərinə hücumu daha da şiddətləndirəcək. Moskva belə vəziyyətdə həmçinin Avropa ölkələrinə qarşı da müxtəlif vasitələrlə mütəmadi hücumları genişləndirəcək".

Politoloq düşünmür ki, Trampın bu addımı Rusiyanı danışıqlar masası arxasına keçməyə məcbur edəcək:

"Rusiya müharibəni dayandırmaq fikrində deyil. Tramp da dərhal həmin raketləri Kiyevə verməyəcək. İlk növbədə verdiyi icazəyə Rusiyanın reaksiyasını gözləyəcək. Moskva danışıqlara təşəbbüs göstərməsə, artıq bu halda həmin məsələdə Tramp sözdən işə də keçəcək".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ukraynaya Rusiyanın dərinliklərindəki ərazilərə zərbələr endirmək  icazəsi verib. Belə bir açıqlama ilə ABŞ prezidentinin Ukrayna üzrə nümayəndəsi Keyt Kelloq "Fox News" telekanalına müsahibəsində çıxış edib. O, qeyd edib ki, bu qərar Tramp administrasiyasının nümayəndələri tərəfindən də dəstəklənir. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->