Xəbər lenti

Dünya 18:00 17.01.2025

"Bu savaş tezliklə bitməyəcək" - Ekspert

"Atəşkəsdən sonra yeni müharibənin başlanmasından daha çox, tənzimlənmə istiqamətində müəyyən səylərin olacağını düşünürəm".
 
Bunu Qaynarinfo-ya  açıqlamasında siyasi şərhçi Nazim Cəfərsoy İsraillə HƏMAS arasında imzalanan atəşkəs haqqında sazişi şərh edərkən deyib. 

Ekspert qeyd edir ki, Fələsrin-İsrail münaqişəsinin tarixi kökləri mövcuddur: 

"Onlar arasında bu cür atəşkəslər davamlı olub. Lakin bu atəşkəslər sülhə deyil, sadəcə olaraq gərginliyi, nəzarətdən çıxmış prosesi müvəqqəti dayandırmağa xidmət edib. İndi də bənzər atəşkəs prosesidir. Onun davamı gələrsə, yeni bir sülh müqaviləsi, böyük bir siyasi razılaşma gündəmə gələrsə, o zaman məsələ ilə bağlı nəsə demək olar. İndiki mənzərədə isə bu sadəcə müvəqqəti bir razılaşmadır".
 


Həmsöhbətimiz düşünür ki, tərəflər arasında atəşkəs sazişinin əldə olunması prosesi iki motivasiya ilə bağlıdır:

"Biri Bayden adminstrasiyasının getmədən öncə belə bir siyasi razılaşmanı ortaya qoymaq cəhdidir. İkinci ən mühüm motiv isə odur ki, Tramp bu müharibənin özü vəzifəyə başlamazdan əvvəl bitməsini istəyib. Tramp Qəzza müharibəsini bir miras olaraq almaq istəmir. Ona görə də Trampın Netanyahu ilə görüşdə özünün səlahiyyətlərə başlamasına qədər bu məsələnin bitirməsilə bağlı yanaşma ortaya qoyduğunu düşünürəm. Bu mənada siyasi müşahidəçilərin əksəriyyətinin yanaşmasına görə, İsrail-HƏMAS qarşıdurmasının dayandırılması səbəbləri arasında əsas factor Trampın belə bir mirası qəbul etmək istəməməsi dayanır".

Belə vəziyyət Nazim Cəfərsoyun fikrincə, Trampın reputasiyasına müsbət təsir göstərəcək:

"Ola bilsin Tramp bunun nəticəsində yeni bir razılaşma üçün fürsətlərə, yeni diplomatik prosesə də başlaya bilər. Atəşkəs əldə edildikdən sonra yeni müharibənin başlanmasından daha çox, tənzimlənmə istiqamətində Tramp adminstrasiyası tərəfindən müəyyən səylərin olacağını düşünürəm. Onu da qeyd edim ki, indiyə kimi proseslə bağlı çoxsaylı cəhdlər olub, amma hər dəfə də nəticə uğursuz olub". 

Qeyd edək ki, Baş nazir Benyamin Netanyahunun ofisi İsrail, Fələstinin HƏMAS hərəkatı, ABŞ və Qətər arasında girovların azad edilməsi və Qəzza zolağında atəşkəs haqqında sazişin imzalandığını təsdiqləyib. Bu barədə "The Jerusalem Post” məlumat yayıb. Əldə edilən saziş üç mərhələdə həyata keçiriləcək.

Razılaşmanın birinci mərhələsi 42 gün davam edəcək, sazişin icrasına isə onun imzalanmasından iki-üç gün sonra başlanacaq. İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalını və cənubunu birləşdirən Netsarim dəhlizindən və sərhəddən təxminən 700 metr məsafədə yerləşən anklavın bütün məskunlaşdığı ərazilərdən, məsafənin 400 metr olacağı beş konkret sahə istisna olmaqla. qoşunlarını çıxaracaq. İsrail ordusu Filadelfiya dəhlizindəki mövcudluğunu azaldacaq və sonra ilk 50 gün ərzində onu tamamilə tərk edəcək. Təl-Əviv razılaşmanın qüvvəyə minməsindən bir həftə sonra Rəfah sərhəd keçid məntəqəsini açmağa razılaşıb və sazişə ilk mərhələdə vasitəçilərin nəzarəti altında humanitar yardımla bağlı protokol daxil olacaq. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->