Rusiya müxalifətinin lideri Aleksey Navalnıya qarşı təşkil olunan sui-qəsd planlarının ifşası Rusiya hakimiyyəti üçün ciddi problemə çevrilib.
Qaynarinfo xəbər verir ki, "Bellingcat” araşdırma layihəsinin təmsilçisi Hristo Qrozyev Rusiya müxalifətinin lideri Aleksey Navalnıya qarşı sui-qəsd törətməkdə şübhəli bilinən Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları hesab olunan səkkiz nəfərin son 15 ildə 565 ünvana səfəri barədə məlumat yayıb. Məlumatlar "Google Docs” cədvəl xidmətində yerləşdirilib. Məlumatda kimlərin hansı tarixdə hansı şəhərə səfər etdiyi qeyd olunub.
Hristo Qrozyevin açıqladığı yeni məlumatda Navalnıya qarşı sui-qəsddə adı keçən səkkiz nəfərdən əlavə FTX-nın daha iki əməkdaşı haqqında məlumat yer alıb.
Hristo Qrozyevin açıqladığı yeni məlumat araşdırmaçı jurnalistləri hərəkətə keçirib. Araşdırmaçı jurnalistlər bu günə kimi müammalı ölümlər hesab olunan bir neçə ölüm hadisəsi ilə bağlı həqiqətləri üzə çıxara biləcəklərini düşünürlər. Bellinqcat da üç müəmmalı ölüm hadisəsini araşdırır və yaxın zamanlarda araşdırmanın nəticələrini ictimaiyyətə açıqlayacaq.
Araşdırmaçı jurnalistlər 2014-çü ildə Nalçikdə müəmmalı şəkildə ölmüş jurnalist və hüquq müdafiəçisi Timur Kuaşevin də sui-qəsd qurbanı olduğu ehtimalın irəli sürüblər. Timur Kuaşevin ölümünün səbəbi kimi rəsmi məlumatda qeyri-müəyyən virusun yaratdığı kəskin ürək-damar çatışmazlığı göstərilmişdi. İndi isə məlum olur ki, Navalnıya sui-qəsddə adı keçən FTX əməkdaşlarının bəziləri həmin vaxt Nalçikdə olublar.
Bundan başqa fəaliyyəti Rusiyada qadağan olunmuş "Qafqaz Əmirliyi”nin lideri Doku Umarovun 2013-cü ildə Nalçikdə müəmmlı şəkildə ölümünün də FTX-nın əməli olduğu güman edilir. FTX tərəfindən həyata keçirilən sui-qəsdin qurbanlarından birinin də Ruslan Məhəmmədrəhimov olduğu güman edilir. Bu şəxsin ölümü zamanı da FTX əməkdaşları onunla eyni ərazidə olublar.
Politoloq Xaqani Cəfərli hesab edir ki, yaxın zamanlarda FTX-nin ifşası ilə bağlı səs-küylü jurnalist araşdırmalarının şahidi olacağıq:
"Bütün bunlar isə Putin rejiminin dayağı olan xüsusi xidmət orqanlarına, ilk növbədə isə Federal Təhlükəsizlik Xidmətinə qarşı kəskin nifrət və qəzəb yaranmasına səbəb olacaq. Bu isə Putin rejiminin əsasların tamamilə sarsıdacaq...”
Alpər