"Macarıstanla Azərbaycan arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində inkişaf edə bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Macarıstana səfərini şərh edərkən deyib:
"Macarıstanla Azərbaycan arasında əlaqələr sürətlə inkişaf edir. İki ölkə arasında iqtisadi əlaqələr çoxşaxəlidir. Bakı artıq Macarıstana qaz verir. İlin sonuna qədər bu ölkəyə qaz ixracını iki dəfəyə qədər artıracağıq. Budapeşt həmçinin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu ilə iştirak edir. Bütün bunlar onu göstərir ki, iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq istiqamətində inkişaf edə bilər”.
Q. Hüseynli qeyd edib ki, Macarıstan Azərbaycanın haqq işini, ərazi bütövlüyünü dəstəkləyən, erməni vandalizminə qarşı çıxış edən dövlətlərdən biridir:
”Bu ölkə bir sıra beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işini müdafiə edir. Düşünürəm ki, Bakı ilə Budapeşt arasındakı münasibətlərin perspektivləri böyükdür”.
Qeyd edək ki, sentyabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində Azərbaycan- Macarıstan Strateji Dialoqunun ilk iclasının, C.Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Rüfət Sultan