Dünya 14:01 07.03.2024

Çin Ukrayna üzrə sülh konfransının keçirilməsini dəstəkləyir - XİN rəhbəri

Çin beynəlxalq sülh konfransının keçirilməsinin tərəfdarıdır. Bu konfrans zamanla həm Rusiya, həm də Ukrayna tərəfindən tanınacaq.

Qaynarinfo ECNS-yə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ deyib.

Onun sözlərinə görə, konfrans bütün tərəflərin iştirakını və bütün sülh planlarının vicdanla müzakirəsini təmin etməlidir.

"Bütün münaqişələr danışıqlar masası arxasında bitməlidir. Danışıqlar nə qədər tez başlasa, sülh bir o qədər tez gələcək", - Van bildirib. 

O qeyd edib ki, Çinin bütün səyləri münaqişənin dayandırılması və sülh danışıqlarının başlanması üçün zəmin yaratmağa yönəlib.

Keçmiş təcrübə göstərir ki, münaqişə uzanarsa, daha da pisləşir və gərginləşir, maraqlı tərəflər üçün ağlasığmaz ölçülərə çatır, - Van vurğulayıb.

Onun sözlərinə görə, yanlış təsəvvürlər və yanlış hesablamalar yığılacaq və sülh danışıqları baş tutmasa, daha da böyük böhrana səbəb ola bilər.
"Bununla bağlı dərsləri unutmaq olmaz", - deyə Van bildirib.

O, Çinin Ukraynadakı müharibə ilə bağlı həmişə "obyektiv və qərəzsiz” mövqe tutduğunu və Pekinin məqsədinin münaqişəni "dayandırmaq” olduğunu qeyd edib.

"Biz sülh danışıqlarına şərait yaratdıq. Bizim prezidentimiz bütün dünya liderləri, o cümlədən Rusiya və Ukrayna liderləri ilə danışdı və bizim xüsusi nümayəndəmiz var ki, o, regiona vasitəçilik etməyə getdi. Bizim bütün səylərimiz bir məqsədə çatmağa - münaqişənin sona çatması və sülh danışıqlarının başlanması üçün zəmin yaratmağa yönəlib”, - Van İ bildirib.

Nizami Bağırov