"Indian Wells Masters" tennis turnirində Novak Cokoviçi mübarizədən kənarlaşdıran 20 yaşlı italiyalı Luka Nardi tarixə düşüb.
Qaynarinfo-nun məlumatına görə, Nardi məşhur serb tennisçini "Masters 1000" və ya "Grand Slam" yarışlarında məğlub edən ən aşağı reytinqli oyunçu olub. İtalyan tennisçi kişilər arasında dünya reytinqində 123-cü yerdədir.
ABŞ-ın Indian Vells şəhərində keçirilən sərt kort turnirinin üçüncü turunda Nardi Cokoviçə İki saat 17 dəqiqə ərzində 2:1 (6-4, 3-6 və 6-3) hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.
Keçən həftə Nardi seçmə mərhələnin son matçında David Qoffinə uduzsa da, argentinalı Tomas Martin Etçeverri püşkatmada iştirakdan imtina etdikdən sonra "bəxtəvər məğlub” kimi əsas püşkatmada yer alıb. Matçdan sonra hisslərini bölüşən Nordi "Bilmirəm nə deyim. Dünən gecə yuxuda görürdüm. İndi gerçəkləşdi" - deyib.
Cokoviç Nardinin çıxışını müsbət qiymətləndirib. O, açıqlamasında "Mən onu xüsusən üçüncü setdə əla tennis oynadığı üçün təbrik edirəm. O, əsas püşkatmaya "şanslı məğlub" kimi daxil oldu və həqiqətən itirəcək heç nəyi yox idi. Əla oynadı, qələbəyə layiq idi" - ifadələrini işlədib.
Səbuhi Həsənov
Şərhlər