Xəbər lenti

Cümhuriyyətin elan olunmasına 5 gün qaldı…
Siyasət 12:40 23.05.2025

Cümhuriyyətin elan olunmasına 5 gün qaldı…

ssri-dən danışanlara CÜMHURİYYƏTDƏN danışacağıq…

Putinin müşaviri Anton Kobyakov, Rusiya Dövlət Dumasının deputatı Nina Ostanina

ssri-nin dağılmasının qanunsuz olmasından və hüquqi statusundan danışıblar. Çox böyük ehtimalla sıraları genişlənəcək, çünki xəstədilər. Şovinizm xəstəliyi bunları Ukrayna savaşında belə ayıltmadı.

ssri-nin çöküşü zamanı Rusiyanın ssenari müəllifliyi və rejissorluğu ilə yaratdıqları qanlı münaqişələr belə işə yaramadı. Müstəqil respublikalar önlərinə çıxarılan hər maneəyə rəğmən müstəqilliklərini yaşatdılar. Lakin Kreml rəhbərləri həyasızcasına hər situasiyadan yararlanmağa çalışırlar. Tankıyla-topuyla, hətta əsgərləri ilə (Xocalı 366-cı alay), Qarabağın işğalına, xalqlar arasında yaratdıqları qanlı münaqişələrə 27 il durmadan iqtisadi, siyasi, hərbi dəstək verdilər.

Azərbaycan qələbə qazandı, uduzdular. Silah-sursatları, yetişdirdikləri əsgər və zabitlər məhv edildi. Əl çəkmədilər, bu dəfə "sülhməramlı” adı ilə soxuldular bu ərazilərə. Bu da alınmadı, çıxarıldılar. Bundan sonra ictimai rəylə beyinləri işğala qalxdılar. Guya ki, Rusiya "icazə” verib, biz qalib gəlmişik. Diktaturanın yaddaşı olmaz. Unudurlar ki, savaş dönəmi və ondan sonra Putinin müsahibələri bütün həqiqətləri ortaya qoydu. Azərbaycan hakimiyyətinə nifrət edən bəzi şəxslərin də bu təbliğata şəxsi kin baxımından dəstək verməsi də işə yaramadı. 

Demokratiya, azad seçki və hüquq anlayışları ilə vətən və dövlət anlayışlarını qatıb-qarışdırdılar. İndi bəziləri axmaqcasına yazırlar ki: "Əşi, bizim xalq ssri-nin saxlanmasına dəstək verən xalqdır” falan. Bizim xalq üç-beş yaltaqla təqdim oluna bilməz.

Bizim xalq Cümhuriyyət quran bir xalqdır, 37-də Sovet imperiyasına dirənişinə görə aydınlarının başı kəsilən xalqdır. Bizim xalq meydan hərəkatı yaradan, yenə rusun tankının-topunun qabağına əliyalın çıxan xalqdır. Bizim xalq sonuncu vətən savaşında üç mindən çox şəhid verib, Cümhuriyyət bayrağını bütün suveren ərazimizdə ucaldıb. Bu üzdən Kremlin uşaqlarının bütün söylədikləri boş sözlərdir. Özümüzdən olanlar isə bir həqiqəti anlamalıdırlar ki, xalqı demokratiya savaşında suçlayıb ironiya etmək, öz ayağına güllə sıxmaqdır.

Yazının sonunda isə sözüm gənclərimizədir. Əgər kiminsə hardasa ssri-dən ağız dolusu danışmağa başladığını görsəniz, o zaman həmən Cümhuriyyətdən və Rəsulzadədən danışın, aşağıda paylaşdığım bu statusu önünə qoyun. 

28 Maya qədər bir neçə yazı paylaşacağam. Onlar sərsəm iddialarını səsləndirə bilir, biz dünya tarixinə silinməz izlə yazdığımız dövlət tariximizdən niyə bəhs etməyək?

ssri-dən danışanlara CÜMHURİYYƏTDƏN danışaq və ya yazaq!
 


Yazı - 1

1919-cu il, paytaxt Bakı. "Müsavat” partiyasının 2-ci qurultayının üzvləri Rəsulzadəni dinləyirdi:

"Mən sizə, sizinlə yaşadığınız, bərabər içində bulunduğumuz və kəndimiz yaratdığımız tarihtən söz edəcəyəm. Bu da bir Türk tarixidir. Türk tarixinin bir parçasıdır. O zaman müsəlman sosialistlərin ələmdarı bulunan "Hümmət” firqəsi, başda doktor Nəriman olmaq üzrə, Azərbaycan muxtariyyətinin ədüvvü-canı (can düşmanı – m.) idi. "Hümmət”ə görə biz milləti fəlakətə çəkiyor və mən qeyri-həqq millət naminə söz söyləyirmişəm. Azərbaycan fikri, türklük iddiaları xalqın deyil, bir taqım burjuapərəst "boşboğaz”ların imiş. Müsəlmanların mənfəəti "qırmızı əmələ bayrağının” altına toplanmaq və "Rusiya demokratiyasından” ayrılmamaqda imiş.

Fəqət biz bütün bu hücumlara, bütün bu ittihamlara rəğmən diyorduq: Yaşasın Azərbaycan!

Yaşasın 28 May!!!

Yaşasın Cümhuriyyət!

Anar Əsədli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->