Xəbər lenti

DÇ-2026: Norveçin ulduzu və sevgilisi ölümlə təhdid olunur
İdman 14:35 13.07.2026

DÇ-2026: Norveçin ulduzu və sevgilisi ölümlə təhdid olunur

Norveç millisinin hücumçu Aleksandr Sörlot 2026-cı il Dünya çempionatının İngiltərə ilə keçirilən 1/4 final matçından sonra ölüm təhdidləri almağa başlayıb.

Qaynarinfo xəbər verir ki, 1/8 final mərhələsində tarixi nəticəyə imza atan Norveç millisi Braziliyanı 2:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə turnirin 1/4 finalına yüksəlib. 1/4 finalda İngiltərə ilə qarşılaşan Norveç komandası 36-cı dəqiqədə Şeldrupun vurduğu qolla hesabı açaraq 1:0 önə keçib. Matçın 43-cü dəqiqəsində Norveç hücum zamanı İngiltərə müdafiəsini iki nəfərlə yaxalayıb. Həmin epizodda Sörlot boş mövqedə olan komanda yoldaşı Erlinq Haalanda ötürmə vermək əvəzinə topu ayağında saxlamağa üstünlük verib. Bu müddətdə isə İngiltərə müdafiəçiləri geri qayıdaraq mövqelərini bərpa ediblər.



Haaland bir neçə dəfə boşluğa çıxaraq ötürmə tələb etsə də, Sörloth zərbə vurmağa qərar verib. Lakin onun zərbəsi Con Stounsa dəyərək qapıçı Cordan Pikfordun əlinə keçib. Hesabı 2:0 etmək fürsətindən yararlana bilməyən Norveç cəmi dörd dəqiqə sonra Cud Bellinqhemin qoluna mane ola bilməyib və komandalar fasiləyə 1:1 hesabı ilə yollanıblar. Matçın 90+3-cü dəqiqəsində Bellinqhem yenidən fərqlənərək İngiltərəni yarımfinala yüksəldib.



Matç başa çatdı, Sörlot nifrət hədəfinə çevrildi

Görüşdən sonra tənqidlərin əsas hədəfinə çevrilən Sörlot sosial şəbəkələrdə nifrət mesajları və ölüm təhdidləri alıb. 30 yaşlı futbolçunun "Instagram" hesabında paylaşdığı son fotoya təxminən 170 min şərh yazılıb.

Norveçli futbolçunun sevgilisi Lena Selnes də təhqir və təhdid mesajlarından payını alıb. Selnes şəxsi mesaj qutusuna gələn bəzi mesajların görüntülərini paylaşaraq bildirib:



"Bu şərhlərə əhəmiyyət verməmək istəyirdim, lakin bu səviyyədə mesajlar aldıqdan sonra susmaq mümkünsüz hala gəldi. Dünya çempionatı çox böyük sevinc gətirir, amma eyni zamanda çoxlu nifrət də yaradır. Ümid edirəm ki, insanlar təhqir etmədən və təhdid göndərmədən əvvəl daha çox düşünərlər".

Təhdid mesajlarında ağır ifadələr yer alıb

Selnesə göndərilən mesajlarda təhqir və zorakılıq xarakterli ifadələrə rast gəlinib. Mesajlar arasında "Sevgilinə Norveçi tərk etməsini və uçurumdan atılmasını de!", "Yaxşı insan ol və özünü öldür, axmaq!", "Sevgilini öldürəcəyəm" və digər təhdidlər yer alıb.

2026-cı il Dünya çempionatında Norveç millisinin keçirdiyi 6 oyunun 5-də əsas heyətdə meydana çıxan Sörlot yalnız Fransa ilə matçda iştirak etməyib. O, turnirdə keçirdiyi 341 dəqiqə ərzində komandası üçün nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalıb.

2025-2026 mövsümündə "Atletico Madrid" forması ilə bütün turnirlərdə 54 oyuna çıxan Sörlot 20 qol vurub və 1 məhsuldar ötürmə edib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->