2026-cı il dünya çempionatının həyəcanı artıq milyonları coşdurduğu bir vaxtda, 2030-cu ildə keçiriləcək növbəti turnirin ev sahiblərindən biri olan Mərakeş bu günlərdə futbol meydanlarından çox küçələrdən gələn xəbərlərlə gündəmdədir.
Qaynarinfo xəbər verir ki, İspaniya və Portuqaliya ilə birgə təşkilatçılıq edəcək Şimali Afrika ölkəsi turnir öncəsi şəhərləri "steril” vəziyyətə gətirmək məqsədilə təxminən üç milyon küçə itinin sistemli şəkildə məhv edilməsi ilə ittiham olunur.
Heyvan hüquqları müdafiəçiləri turnirin imici naminə küçə heyvanlarının planlı şəkildə aradan qaldırıldığını iddia edir. Heyvan rifahı təşkilatlarının hazırladığı hesabatlarda idmanının birləşdirici ruhuna zidd mənzərə təsvir olunur. Xüsusilə Marakeş kimi məşhur turizm mərkəzlərində küçə itlərinin toplu şəkildə yığıldığı və ağır üsullarla öldürüldüyü irəli sürülür. Bəzi şahidlərin sözlərinə görə, heyvanlar tullantı sahələrində yandırılıb və ya zəhərlənərək kütləvi məzarlıqlara basdırılıb.
"Beynəlxalq Heyvan Rifahı və Qoruma Koalisiyası” (IAWPC) bu iddiaları əks etdirən 91 səhifəlik hesabatı FIFA-ya təqdim edərək qurumu müdaxiləyə çağırıb.
Rəsmi açıqlamalar və sızan sənədlər
Mərakeş hökuməti və diplomatik nümayəndəliklər ittihamların əsassız olduğunu bildirir. Rəsmi şəxslər 2019-cu ildən etibarən müasir sterilizasiya və peyvənd proqramlarının tətbiq olunduğunu, heyvan hüquqlarına hörmət edən siyasət yürüdüldüyünü bəyan edirlər.
Lakin 2025-ci ilin sentyabrına aid olduğu iddia edilən bəzi yerli sənədlərdə minlərlə güllənin sifariş edildiyi göstərilir. Bu isə rəsmi açıqlamalarla ziddiyyət təşkil edir. PETA kimi beynəlxalq təşkilatlar isə iddia edilən kütləvi məhvetmə dayandırılmayacağı təqdirdə Mərakeşin ev sahibliyi hüququnun dayandırılmasını tələb edir.
Məsələ təkcə heyvansevərləri deyil, tanınmış simaları və beynəlxalq qurumları da hərəkətə gətirib. Məşhur aktyor Mark Ruffalo böyük idman tədbiri naminə milyonlarla canlının qurban verilməsini "əxlaqi iflas” adlandırıb. BMT-nin Uşaq Hüquqları Komitəsi isə uşaqların bu cür zorakılıq səhnələrinə şahid olmasının yarada biləcəyi psixoloji travmaya diqqət çəkib.
İddialar fonunda Mərakeşdə 2030 Dünya çempionatına hazırlıqların hansı istiqamətdə davam edəcəyi və FIFA-nın məsələ ilə bağlı mövqeyinin necə olacağı beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalır.
Aydın
Şərhlər