İdman 15:39 22.09.2022

De Byazi Qara Qarayevi milliyə niyə çağırmayıb: İlk müəllimi səbəbi açıqladı

Bu gün Canni De Byazinin rəhbərlik etdiyi millimiz Millətlər Liqasının beşinci turu çərçivəsində səfərdə Slovakiyanın qonağı olacaq. Təbii ki, yığmanın qələbəsinə o dərəcədə böyük inam olmamasına baxmayaraq, futbol ictimaiyyəti yenə nələrəsə ümid bəsləyir. Bunun reallaşıb-reallaşmayacağını zaman göstərəcək. Hazırda isə milli ilə bağlı bir neçə gündür müzakirə mövzusu olan məqam var - "Qarabağ”ın təcrübəli yarımmüdafiəçisi, millimizin daimi üzvü Qara Qarayevin siyahıdan kənarda qalması. Artıq bir neçə mütəxəssis, baş məşqçi De Byazinin doğru addım atmadığını açıqlayıb. İtaliyalı məşqçi isə ötən gün mətbuat konfransında bununla bağlı suala "Qara özü bilir nə üçün çağırılmayıb” şəklində cavab vermişdi. Bəs "özü bilir” nə deməkdir? Ümumiyyətlə, səbəb nə ola bilər? Qara həqiqətənmi intizamsızlıq edib? Bununla bağlı onun ilk məşqçisi Elnur Zeynalovla danışdıq. 

Zeynalov Qaynarinfo-ya açıqlamasında Qaranın milliyə dəvət almamamsına münasibətini bildirdi və heyət açıqlanandan dərhal sonra təcrübəli yarımmüdafiəçi ilə əlaqə saxladığını söylədi. Bəs əslində nə baş verib? De Byazinin futbolçu ilə prinsip aparmasının arxasında nələr dayanır?

"Açığı, kimi çağırıb-çağırmamasına De Byazi qərar verir. Cavabdeh şəxs odur. Amma burada bir məqam var. Futbolçu intizamsızlıq edə, pis həyat tərzi keçirə, hörmətsizlik göstərə, yaxud hansısa mənfi hallar ola, bəli, beləsini milliyə çağırmaq olmaz. Amma bir insan ki, hərəkətləri, intizamı ilə gənclərə, həm də yığmadakı futbolçulara nümunədir, artıq bu addımın açıqlamasını baş məşqçi özü verməlidir. O isə deyib ki, "Qara özü bilər”. Bu nə deməkdir? Açıqla, qoy camaat da bilsin. Futbolçunun 20-25 yaşı yoxdur. Ən yaxşı vaxtıdır. Təcrübəsi, hər şeyi var. Şükür Allaha, sonuncu oyunlarda yaxşı çıxış edib. Sosial şəbəkələrdə oxuyuram, bəzi insanlar yazır ki, "Qara ancaq geriyə ötürmə verir”. Onlar həvəskarlardır, hərəsinin öz düşüncəsi var. Azarkeşlərin hərəsi bir cür yanaşır. Amma azərbaycanlını legionerin ayağına vermək… Bir tərəfdən Almeydanı, digər tərəfdən Eddini tərifləyirlər. Yığmada vətənpərvər ruhu olmalıdır. Azərbaycanlılar oynamalıdır. Demirəm, legionerlər oynamasın. Amma legioner gəlirsə, yerlidən beş dəfə üstün olmalıdır. Eddi 44 günlük müharibə dönəmində sakit dayandı. Sonra anası açıqlama verdi ki, ermənilərin arasında dostları var, söz deyə bilmir. Ardınca açıqlama verdilər ki, guya belə sözlər danışmayıb. Biz uşaq deyilik, hər şeyi başa düşürük. Qara "Nant”la oyunda öz səviyyəsini göstərdi. Sosial şəbəkədə elə sözlər yazırlar ki… Daha düşünmürlər ki, futbolçu meydanda baş məşqçinin tapşırığını yerinə yetirir. Yəni, geriyə ötürmə edirsə, deməli, onun mövqeyinə uyğun oyun tərzidir. Dünya ulduzu Makalele vardı, oyunlarda gözə görünmürdü. Amma "Real”ın bütün "qara işlər”ini o görürdü. Üstəgəl "Real”dan gedəndən sonra illərlə əziyyətini çəkdilər. Çünki onun əvəzinə oyunçu tapa bilmirdilər. Hə, Almeyda hücum fazasında yaxşı futbolçudur. Hər futbolçunun öz tapşırığı var. Baş məşqçinin öz düşüncəsi var. Lakin futbolçunu cəzalandırırsa, səbəblərini açıqlamalıdır. Bəlkə elə futbol ictimaiyyəti deyəcək ki, düz edib cəzalandırıb. O dərəcədə güclü futbolçularımız da yoxdur ki, kimisə cəzalandıraq, seçim edək”.

Sosial şəbəkələrdə belə düşüncələr də formalaşıb ki, Qarayev yığmaya dəvət alsa da, ciddi nəticə olmayacaq. Məşqçinin bu fikirlərə münasibəti isə belədir:
 


"Vallah, Brazliyaya qarşı oynasalar da, daim yığmamızın qələbəsinə ümid edirəm. Bu sözləri deyənlər məğlub ruhdadırlar. Çünki yığma meydana çıxmamış uduzacağımızı düşünürlər. Bu futboldur, hər şey olur. Tarixdə futbolda ağıla gəlməyən nəticələr qeydə alınıb. 20-30 il əvvəl favoritlər var idi. Amma indi elə bir şey yoxdur. Qara yığmaya layiqdirsə, bütün nəticələrə, hesablara baxmayaraq, heyətdə olmalıdır. Ən azı yığmanın futbolçusu kimi təcrübə qazanacaq. Gənclərə də köməyi dəyə bilər. Onun komandaya faydası olar. Azərbaycanda 1 nömrəli məşqçi Qurban Qurbanovdur. O da Qaraya ehtiyac duyub oynadırsa, deməli, həqiqətən lazımlı futbolçudur. Qurbanov daha yaxşı futbolçu tapsa, Qaranı ehtiyatda oturda bilər. Son illərdə "Qarabağ”a xeyli futbolçular gəlib-gedib. Qara rəqabətdə qalib gəlirsə, deməli, həqiqətən güclüdür. İki dəfə ilin futbolçusu seçilib. Onu jurnalistlər, baş məşqçilər, kapitanlar ilin futbolçusu seçib. Bu qədər dəyər verilirsə, elə belə deyil. Hər insanın gözü bir tərəzidir”.

Zeynalov Qaranın milliyə dəvət almamasını eşidəndən sonra, dərhal onunla əlaqə saxladığını da deyir: 
 


"Həmin anda onunla əlaqə saxladım. Peşəkar futbolçu, səbirli insandır. Özü də başa düşür ki, belə məqamlarda səbirli olmaq, hər şeyi zamana buraxmaq lazımdır. Baş məşqçinin qərarına hörmətlə yanaşır. Açığı, səbəbilə maraqlanmamışam, bilirəm ki, Qara artıq heç nə edə bilməz. Ola bilər ki, fikir ayrılığı yaşayıblar. Amma 100 faiz əminəm ki, burada Qaralıq nəsə yoxdur. Hamınız onu tanıyırsınız. İndiyəcən heç kim söyləyə bilməz ki, Qara məşqçiyə hansısa artıq söz deyib. Son üç oyunla bağlı aralarında nəsə danışıq olubsa və məşqçi onunla prisnip aparırsa, bu, artıq De Byazinin günahıdır. Futbolçunu özünə tabe və ona nələrisə izah edə bilmirsə, deməli, problem baş məşqçidədir. Qara ilə söhbətdə dərinə getməsəm də, təxminən başa düşdüm ki, son üç oyunda yetərincə şans qazanmadığı üçün bunun səbəbini soruşub. Mən də məşqçiyəm. Uşaq gəlib səbəb soruşur ki, niyə oynamır. Biz ona hörmətlə yanaşıb, izah etməliyik ki, sən formada deyilsən, yaxud hansısa səbəblər var. Uşaq futbolunda fərqli yanaşmadır. Maksimum şans verməyə çalışırıq, çünki onları öyrətməliyik. Uşaqları sıxırıqsa, fikir azadlığını əllərindən alırıqsa, sabah heç vaxt öz fikri ilə yaşaya bilməyəcək. Ola bilsin, Qara oynamamasının səbəbini soruşub, o da məşqçinin xoşuna gəlməyib. Bu artıq De Byazinin problemidir. Hər şeyin izahı olmalıdır”.

Səbuhi Həsənov