İdman 18:38 19.09.2022

De Byazinin siyahısından kənarda qalan Qara Qarayev: "Bu, məni məyus edir"

"Qarabağ"ın futbolçusu Qara Qarayev milliyə dəvət almamasına münasibətini bildirib.
 
Qaynarinfo xəbər verir ki, futbolçu şəxsi "Instagram" səhifəsi vasitəsilə verdiyi açıqlamada milliyə dəvət almadığı üçün məyusluğunu açıqlayıb:
 
"Milli komandaya dəvət almamağımla bağlı mənə çoxlu suallar ünvanlanır. Təbii ki, yığmadan kənarda qalmaq ilk növbədə vətənini sevən bir azərbaycanlı kimi, daha sonra futbolçu kimi məni məyus edir".

30 yaşlı yarımmüdafiəçi baş məşqçi Canni De Byazinin qərarına hörmətlə yanaşdığını deyib:
 
"Hazırda özümü yaxşı hiss edirəm. Dəvət olunmamağım zədə ilə bağlı deyil. Tam səmimiyətimlə inanıram ki, dəvət alan hər kəs orada olmağa layiqdir. Komanda yoldaşlarım qarşıdakı iki görüşdə yaxşı çıxış edəcəklər və onların uğur qazanacağına əminəm. Yığmaya uğurlar arzulayıram. Hər iki matçda milli formamı geyinib, komanda yoldaşlarıma mənəvi dəstək olacağam. "Qarabağ”a gəlincə isə 3 günlük istrahətdən sonra məşqləri bərpa edəcəyik. Bütün diqqətimi klubun növbəti oyunlarına yönəldəcəyəm. Həm çempionatda, həm də avrokuboklarda uğurlu nəticə əldə etmək istəyirik. Mənə dəstək olan və olmayan hər kəsə sonsuz təşəkkürlər".

Sentyabrın 22-də Trnava şəhərində Slovakiyanın qonağı olacaq Azərbaycan yığması 3 gün sonra Bakıda Qazaxıstanı qəbul edəcək.
 
Səbuhi Həsənov