Xəbər lenti

Dənizlərdən torpaq qoparıb yaşıl meydançalara çevirən ölkə...
İdman 13:57 25.10.2024

Dənizlərdən torpaq qoparıb yaşıl meydançalara çevirən ölkə...

Düz-əməlli torpağı olmayan, dənizlərdən ərazi, torpaq qoparmaqla genişlənən Niderlandın hər yanı, hər tini, hər döngəsi stadiondur. 

Ətrafa, küçələrə yayılan yaşıl parklar elə dizayn olunub ki, uşaqlar həmin yerlərdə məhlə-məhləyə futbol da oynaya bilir, kimlərsə gəlib individual məşqlərini edir, kimisi komandasını çalışdırır, kimisi süfrə sərib piknik açır, kimisi gəzir, kimisi istirahət edir. 

Hamı üçün hər cür şərait var. 

Hələ adam sayına görə bizdən də çoxdurlar, hardasa 16-17 milyon. Dünyanın ən zəngin ölkəsinə durmadan axıb gələnləri də nəzərə alsaq, ən azı 25-26 milyon! 

Bütün bunlarla yanaşı, balaca Niderlandın şəhərlərində hər tərəfi yamyaşıl təbii ot örtüklü meydançalara, sosial yönümlü idman, futbol parklarına, eko-infrastruktura çevirməyə yenə torpaq tapılır. Yollar da tıxacsız-filansız..

Bələdiyyələrin balansında olan sosial əhəmiyyətli PULSUZ İDMAN/FUTBOL PARKLARI insanların ən sevimli məkanlarıdır. Təkərli futbol qapısından, futbol topundan tutmuş basketbol "basketi" və topuna, dirəkli voleybol setkası və topuna kimi olur. Daha, hansısa dayılar, əmilər gəlib, "ay bala, bu otun üstünə çıxmaq olmaz, korlanır" deyib səni ordan qovmur. 

Balaca Niderlandın 70 ildir dünya futbolunda öz dəsti-xətti, öz izi var. Ölkədə insanlar futbolla nəfəs alırlar desək, yalan olmaz. Həftəsonları ölkə çempionatlarında hər oyun tribunada anşlaq olur. Əsil ailəvi, ənənəvi bayram, istirahət futboldur. 

Gördünüz, dünən də, uzaq Niderland ölkəsindən ta buralara qədər ərinməyib gəlib, bir tribunanı tam doldurmuşdular. Sevgi, tutqu, ənənə budur!

O qəsəbə, o rayon, o şəhər yoxdur ki, onun müasir tələblərə cavab verən işlək FUTBOL BAZALARI, futbol akademiyaları olmasın. 

Futbol, doğru olaraq, tamamən industriyalaşıb İlk Burjua İnqilablarının vətəni olan Respublikada. Bir sözlə, Niderland bir FUTBOL FABRİKİDİR. 

O zaman, gəlin özümüzə sual ünvanlayaq: İDMAN OLİMPİYA KOMPLEKSLƏRİ 20 İLDİR QIFILLI QALMIŞ, HƏR TƏRƏFDƏ SÜNİ ÖRTÜKLÜ MEYDANÇALARI PULLU OLAN, KLUBLARI OYUNA GƏLMƏYƏ PUL TAPMAYAN AZƏRBAYCANDA - biz niyə hollandları udmalıyıq ki? 

Sizə sual verirəm: Hollandları, "Ajax"ı bizim komandamız niyə udmalıdır? 

Qarabağımızı geri almışıq deyə? Tək səbəb bu coşğudur, bu ilhamdır?!..

Hardandır sizdə bu inad, bu hikkə ki, "Qarabağ" FK hər qarşılaşdığı böyük kluba dərs verməlidir? Nəyə əsaslanırsız? Hansı mübarək ənənəyə? 

Məşhur filmdə deyir e, "nəylə, Əliş?" 

Bircə sutka yağan yağışla adam öldürən gölməçələrin altında qalmış, suda boğulmuş paytaxtımızla? 

Vallah hərdən heç başa düşmürəm bizimkiləri. 

Deyir, dünyanı tanrı yaradıbsa, Niderlandı HOLLANDLAR yaradıb. Gedib-görüb-gələnlər bilir.  

Bəs biz nə qurmuşuq, biz nə yaratmışıq, biz nəyə nail olmuşuq? Biz ümumiyyətlə nə istəyirik? 

Biz nəyə qadirik? 

Bir anlıq ayrı cür təsəvvür edək, tamam, udaq bu narıncıları, "xoruzu verək qoltuqlarına" bu hollandların! Bəs bunu haqq edirik? 

Hər şeydə bizdən on min dəfə öndə olan hollandlar üzərində bir dəfə qələbə qazanmaqla, sizcə, futbolumuz düzələcək? 

Kortəbii inam suya adını yazmaq kimidir. İnancın arxasında da bir reallıq dayanmalıdır. 

Zorla gözəllik olmaz! 

Düz gəlmir e heç cür, dost! Təbii qanunauyğunluq var da..

Mirzə Rəşad Orbey

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->