Xəbər lenti

Ermənistan atəşkəsi niyə pozur və nəticəsi nə ola bilər?
Siyasət 15:20 19.03.2025

Ermənistan atəşkəsi niyə pozur və nəticəsi nə ola bilər?

"Sülhlə bağlı irəliləyişin olduğu bir zamanda Ermənistanın törədiyi bu kimi təxribatların qarşısı vaxtında alınmazsa, Azərbaycan haqlı olaraq özünün konstitusion hüququndan istifadə edərək, düşməni susdurmaq üçün lazımi addımlar ata bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev son günlər Ermənistanın yenidən atəşkəsi pozması fonunda sülh danışıqlarının dalana dirənə bilməsi ehtimalına münasibət bildirərkən deyib.

Taleh Əliyev bildirib ki, son günlər Ermənistan tərəfindən Azərbaycanla şərti dövlət sərhədinin bir neçə istiqamətində atəşkəsi pozması faktı inkarolunmazdır:

"Təəssüf ki, Ermənistan hökuməti bu kimi təxribatların qarşısını almağa cəhd etmək əvəzinə, belə halların olmasını inkar etməklə özünün sülhlə bağlı apardığı fəaliyyətinə kölgə salır və qeyri-səmimi davranışı ilə istər-istəməz sülh danışıqları ilə bağlı münasibətləri zədələyir. Həm də Azərbaycanı bu kimi təxribatlara qarşı adekvat reaisiya vermək məcburiyyətində buraxır. Sülhlə bağlı ciddi irəliləyişin olduğu bir zamanda Ermənistan tərəfindən törədilən bu kimi təxribatların qarşısı vaxtında alınmazsa, hesab edirəm ki, Azərbaycan tərəfi haqlı olaraq özünün konstitusion hüququndan istifadə edərək, düşməni susdurmaq üçün lazımi addımlar ata bilər". 
 


Politoloq qeyd edir ki, sülh müqaviləsi istiqamətində xeyli dərəcədə etimadlı münasibətin yarandığı bir zamanda yenidən sərhəddə belə insidentin baş verməsi sülhlə bağlı inamı azalda və sülh quruculuğunun zamanını lazımsız yerə uzada bilər:

"Ona görə də Azərbaycan hakimiyyətinin XİN-in timsalında belə açıqlamaları baş verən faktlara adekvat reaksiyadır və qarşı tərəfi daha məsuliyyətli olmağa dəvət etmək məqsədi daşıyır". 

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş nazirinin ofisinin sərhəddə atışmalar və digər anti-Azərbaycan iddiaları ilə bağlı bəyanatına münasibət bildirib. Burada bildirilir ki, Ermənistan Baş nazirinin ofisinin Azərbaycana qarşı tamamilə əsassız iddialarla yanaşı, yerdəki reallıqları və sərhədyanı bölgələrdə atışma faktlarını təhrif edən bəyanatını qətiyyətlə rədd edirik. Onun sözlərinə görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyan etdiyi atəş açılması hallarına, eləcə də Ermənistan tərəfinin də xəbərdar olduğu video çəkilişlərdə görünən Ermənistan hərbi qulluqçularının açıq təxribatlarına son qoyulması sabitlik üçün zəruri şərtdir. XİN sözçüsü qeyd edib ki, əgər Ermənistan hökuməti, Baş nazirin ofisinin də bəyan etdiyi kimi sülh gündəmini rəhbər tutursa, o zaman sərhədyanı ərazilərdə hücum silahlarının yerləşdirilməsi də daxil olmaqla kütləvi hərbiləşmənin Ermənistanın belə bir gündəliyinə necə xidmət etdiyi barədə izahat verməsi yerinə düşərdi.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->