Böyük Britaniyanın "Sky News" telekanalının araşdrımasına görə, Qərbin sanksiyalarına baxmayaraq, bahalı avtomobillər hələ də Cənubi Qafqaz ölkələri, o cümlədən Gürcüstanvasitəsilə Rusiyaya çatdırılır.
Qaynarinfo xəbər verir ki, TV-nin məlumatına görə, sanksiyaların tətbiqindən sonra Qərbin Rusiyaya ixracı azalsa da, Rusiya ilə qonşu ölkələrə, o cümlədən Gürcüstana ixracı sürətlə artıb.
Telekanalın çəkiliş qrupu iki gün işləyərək Avropa istehsalı olan lüks avtomobillərin Ermənistanda qeydiyyata alındığını və emal edildiyi, onlara tranzit nömrələrinin verildiyi sxemi deşifrə edib. Sonra isə gürcü daşıyıcıları onları Gürcüstan-Rusiya sərhədindəki Lars keçid məntəqəsindən Rusiyaya aparır. Onların əksəriyyəti bu avtomobillərin Gürcüstana necə getdiyini bilmir.
Jurnalistlərin sözlərinə görə, bəzi hallarda avtodaşıyıcılara sərhəddə Rusiyaya deyil, Rusiya vasitəsilə Qırğızıstana gedəcəklərini bildirmələri tövsiyə olunur. Rusiya tərəfində isə daşıyıcıları artıq avtomobili təyinat yerinə çatdıran qrup qarşılayır.
"Britaniya avtomobil istehsalçıları və səlahiyyətliləri bu qeyri-rəsmi ticarət yollarını bağlamaq üçün əllərindən gələni etdiklərini desələr də, araşdırmamızın bəlkə də ən təəccüblü nəticəsi odur ki, Gürcüstanda heç kim baş verənləri gizlətməyə belə, cəhd etmir. Hamı bilir ki, bu Avropa maşınları Rusiyaya getməli deyil, amma hər gün ən azı bir belə maşın sərhədi keçir. Hər kəs nə baş verdiyini bilir, lakin heç kim bunun qarşısını almaq üçün heç nə etmir", deyə "Sky News" qeyd edir.
"Sky News" vurğulayır ki, jurnalistlər təkcə sanksiyaya məruz qalan avtomobillərin deyil, həm də müharibə üçün daha vacib olan elektron hissələr və radarlar kimi digər yüklərin daşınması hallarını müəyyən ediblər. Bununla belə, kanal diqqətini xüsusi olaraq avtomobillərə yönəldib, çünki onları gizlətmək mümkün deyil, video və fotoların köməyi ilə media sanksiyalardan yayınmağın əyani sübutunu təqdim edə bilər.
Jurnalistlər deyirlər ki, Rusiya iqtisadiyyatı güclü olaraq qalır, Moskvada əsas və qeyri-vacib malların çatışmazlığı yoxdur və Qafqaz ölkələri qeyri-rəsmi ticarət kanallarına çevrilərək böyük iqtisadi təkan əldə ediblər.
"Ukraynalılar istisna olmaqla, hamı qalib gəlib", deyə araşdırma müəllifləri mövzunu yekunlaşdırıblar.
Aydın
Şərhlər