Sənət 12:46 31.01.2024

Eurovision 2024: Azərbaycanın hansı yarımfinalda çıxış edəcəyi məlum oldu

Eurovision 2024-ə ev sahibliyi edəcək İsveçin Malmö şəhərində birinci və ikinci yarımfinalda çıxış edəcək iştirakçı ölkələrin püşkatma mərasimi keçirilib. 

Qaynarinfo xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan şounun birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Birinci yarımfinal mayın 7-də baş tutacaq.  

Birinci yarımfinalın ikinci hissəsində Azərbaycanla yanaşı Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstriya və Moldovadan olan iştirakçıların çıxışları gözlənilir. Yarımfinalın birinci hissəsində Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya və İrlandiya mübarizə aparacaq. 

Ümumilikdə birinci yarımfinalda finala çıxmaq uğrunda 15 ölkə çıxış edəcək. Həmçinin bu yarış günü ərzində təşkilatçılar fanatları avtomatik olaraq finala vəsiqə qazanan İsveç, Böyük Britaniya və Almaniyanın iştirakçılarının nömrələri ilə tanış edəcəklər.

İkinci yarımfinal mayın 9-da baş tutacaq. Burada 16 ölkə iştirak edəcək. Bunlar şounun birinci yarısında Avstriya, Malta, İsveçrə, Yunanıstan, Çexiya, Albaniya, Danimarka və Ermənistan, şounun ikinci yarısında isə İsrail, Estoniya, Gürcüstan, Niderland, Norveç, Latviya, San Marino və Belçikadır. Həmçinin bu yarımfinalda avtomatik olaraq finala vəsiqə qazanan İspaniya, İtaliya və Fransanın nömrələrini təqdim edəcəklər.

Böyük final mayın 11-də baş tutacaq.

Nizami Bağırov