Pakistanda keçirilən yeniyetmələr arasında tennis turniri faciəvi xəbərlərlə yadda qalıb.
Qaynarinfo-nun məlumatına görə, iştirakçılardan biri matça az qalmış dünyasını dəyişib. Faciə fevralın 12-də İslamabadda baş verib. Pakistan mətbuatının yazdığına görə J30 turnirinə hazırlaşan Zeynəb Əli Nəqvi məşqdən sonra birlikdə yaşadığı nənəsinin yanına gedib. Axşam duş qəbul edərkən huşunu itirib. Ailəsi dərhal həkimləri çağırıb. Tennisçi xəstəxanaya aparılsa da, göstərilən səylər boşa çıxıb. Əli Nəqvi özünə gəlmədən dünyasını dəyişib. İlkin məlumatda ölüm səbəbinin infarkt olduğu bildirilib.
Pakistan Milli Tennis Federasiyası dərc etdiyi nekroloq vasitəsilə mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.
Zeynəb Əli Nəqvi Pakistan tennisində yüksələn ulduz hesab olunurdu. Qısa ömrü ərzində o, İslamabad və İstanbulda dörd turnirdə iştirak etsə də, qələbə qazana bilməmişdi. Atasından nümunə götürən gənc tennisçi altı yaşında tennis oynamağa başlayıb. İdmanla paralel o, musiqi ilə məşğul olurdu.
Fevralın 19-da İslamabadda start götürəcək ITF J30 turnirinin adı yeniyetmənin xatirəsinə dəyişdiriləcək.
Səbuhi Həsənov
Şərhlər