"Ermənistanın Avropaya inteqrasiya edəcəyi real deyil. Ermənistanın heç bir potensialı, iqtisadi resursları yoxdur ki, Avropa üçün prioritet istiqamət olsun. Qərb sadəcə olaraq, regiona daxil olmaq üçün Ermənistandan alət kimi istifadə etməyə çalışır".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev deyib.
O bildirib ki, Ermənistan iqtisadiyyatı loqistika, ticarət dövriyyəsi, investisiya yatırımı və təhlükəsizlik baxımından 60 faiz Rusiyadan asılıdır:
"Belə olan halda Ermənistanın yaxın və orta perspektivdə Rusiyadan qoparaq Qərbə üz tutması mümkünsüzdür. Ermənistan rəsmilərinin müsahibələrini analiz edəndə də görürük ki, bu ölkə fərqli güc mərkəzlərindən istifadə etməklə siyasi bazarlaşmaya gedib, sanki özünü onlara baha qiymətə satmaq istəyir".
Ekspertə görə, Paşinyanın qərbyönümlü addımları da sabit deyil:
"Paşinyan Rusiya ilə danışıqlarda bildirir ki, ölkəsi balanslaşdırılmış siyasət yeridəcək. Çünki bilir ki, geosiyasi risklər Ermənistanın intiharı ilə nəticələnə bilər. Ona görə də hər iki tərəfə vədlər verir. Ancaq eyni vaxtda iki kresloda oturmaq da mümkünsüzdür".
Həmsöhbətimiz deyir ki, Rusiyanın hərbi müdaxiləyə əl atmadan belə Ermənistana təzyiq etmək üçün əlində çoxlu rıçaqlar var:
"Rusiya da hələlik yumşaq güc vasitəsindən istifadə edərək müxtəlif səviyyələrdə Ermənistanı təhdid edir. Moskva Ermənistana münasibətdə iqtisadi təzyiq metodlarından istifadə edə, onunla ticarət dövriyyəsinə, investisiya qoyuluşuna yenidən baxa bilər. Habelə, Rusiyada olan erməniləri sıxışdırmaqla onlardan təzyiq vasitəsi kimi istifadə edə bilər. Hələlik isə Rusiya sadəcə olaraq qarşı tərəfə fikirlərini ritorik şəkildə çatdırmaqla kifayətlənir. Güman edirəm ki, Ermənistanda da kifayət qədər insan başa düşür ki, onlar üçün daha etibarlı güc mərkəzi Rusiyadır. Erməniləri də regiona təhlükəsizlik qalxanı kimi istifadə etmək üçün tarixən Rusiya gətirib. Hesab edirəm ki, İrəvan Qərbə üz tutmaqda davam edərsə, Rusiya bütün imkanlardan istifadə edib, Ermənistanın ağır durumunu daha da çətinləşdirəcək və hərbi müdaxilə etmədən belə onu çökdürəcək".
Konfliktoloq düşünür ki, Ermənistanın Qərbə inteqrasiyası mifdir:
"Ermənistan regionda ancaq Rusiyanın hesabına duruş gətirə bilir. Onun qarantı həmişə Rusiya olub. Sadəcə olaraq, Paşinyan etdiyi manevrlərlə guya Rusiyanı, Ermənistan-Azərbaycan konfliktində sonadək İrəvanın arxasında dayanmadığına görə, cəzalandırmaq istəyir. Yəni Paşinyan heç də Rusiyadan üz döndərmək istəmir. Əksinə, o, bu addımları ilə Moskvanı davamlı ermənipərəst mövqedə durmağa təşviq edir. Ona görə də çalışır ki, geosiyasi güclər arasında rəqabət mühiti yaransın. Rusiya tam olaraq taqətdən salınmasa Qərbin ümumiyyətlə Cənubi Qafqazda irəliləməsi mümkünsüzdür və belədə İrəvandan alət kimi istifadə etmələrinin də heç bir nəticəsi olmayacaq. Hər şey Ukrayna müharibəsinin gedişindən asılı olacaq. Bu baxımdan, İrəvan da tərəddüdlü, ehtiyatlı addımlar atır. İrəvanın Qərbə inteqrasiyası Türkiyəsiz mümkün deyil. Ermənistanın Türkiyə ilə münasibətləri də öz növbəsində onun Azərbaycana münasibətindən asılıdır".
Qeyd edək ki, Rusiya Ermənistana Qərbə inteqrasiyaya görə növbəti xəbərdarlığını edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib ki, Ermənistanın Avropaya inteqrasiyasının nəticəsi erməni əhalisinin tam yoxsullaşması ola bilər. Onun sözlərinə görə, bu durumda erməni məhsulları daha yüksək rüsumlarla üzləşəcək və bütün bunlar ÜDM-in artım tempinin kəskin azalmasına, əhalinin tam yoxsullaşmasına səbəb olacaq.
Zaxarova həmçinin Avropa İttifaqına üzv olacağı və bu fonda Avrasiya İqtisadi Birliyindən (AİB) çıxarılacağı təqdirdə Ermənistan mallarının ixracının 80 faiz azalacağını proqnozlaşdırıb. Onun sözlərinə görə, İrəvanın AİB ölkələri ilə ticarət dövriyyəsini hətta ortamüddətli perspektivdə alternativ mənbələrlə əvəz etmək mümkün deyil.
Rüfət Sultan
Şərhlər