Xəbər lenti

Dünya 13:37 20.01.2026

"Global500": Dünyanın ən dəyərli şirkətləri açıqlandı (SİYAHI)

Beynəlxalq marka dəyərləndirmə qurumu "Brand Finance” tərəfindən hazırlanan "Global500 - Dünyanın ən dəyərli 500 markası 2026” hesabatının nəticələri açıqlanıb.

Qaynarinfo xəbər verir ki, "Apple” 607,6 milyard dollarla ötən il olduğu kimi dünyanın ən dəyərli markası seçilib. Şirkətin marka dəyərinin 2025-ci ildə 574,5 milyard dollar olduğu bildirilmişdi.

"Apple”i müvafiq olaraq təxminən 565,3 milyard dollarla "Microsoft”, 433,1 milyard dollarla "Google” izləyib. "Microsoft”un marka dəyəri 2025-ci ildə təxminən 461,1 milyard dollar, "Google”un isə 413 milyard dollar səviyyəsində idi.

Siyahıda ABŞ şirkəti "Amazon” təxminən 369,9 milyard dollarla 4-cü, "Nvidia” 184,3 milyard dollarla 5-ci, Çin şirkəti "TikTok” 153,5 milyard dollarla 6-cı, ABŞ pərakəndə ticarət şirkəti "Walmart” 141 milyard dollarla 7-ci, Cənubi Koreya şirkəti "Samsung” 119,2 milyard dollarla 8-ci, ABŞ şirkəti "Facebook” 107 milyard dollarla 9-cu, Çin şirkəti "State Grid” isə 102,4 milyard dollarla 10-cu pillədə qərarlaşıb.

Araşdırmanın nəticələrinə görə, ölkələr üzrə sıralamada ABŞ lider mövqedədir. "Global 500” siyahısına daxil olan şirkətlərin 192-si ABŞ mənşəlidir. Siyahıda 68 Çin, 33 Yaponiya, 33 Fransa, 26 Almaniya və 25 Böyük Britaniya şirkəti yer alıb.



Dünyanın ən dəyərli 500 markasının ümumi dəyəri 10 faiz artıb

"Brand Finance”in Türkiyə üzrə direktoru Muhterem İlgüner AA müxbirinə dünyanın ən dəyərli markaları ilə bağlı açıqlama verib.

Birləşmiş Millətlər Təşkilatının məlumatlarına əsasən qlobal iqtisadi artımın durğun seyr etdiyini xatırladan İlgüner bildirib ki, "Brand Finance”in məlumatları fərqli mənzərə ortaya qoyur: dünyanın ən dəyərli 500 markasının ümumi dəyəri ötən illə müqayisədə 10 faiz artaraq 10,4 trilyon dollara çatıb.

İlgüner qeyd edib ki, dünyanın ən dəyərli 500 markası 3,2 faizlik qlobal iqtisadi artım tempini geridə qoyub. Onun sözlərinə görə, ABŞ 192 marka və 5,5 trilyon dollar dəyər ilə ümumi dəyərin 53,4 faizinə sahibdir. Çin 1,6 trilyon dollarla 15 faiz, Almaniya 580,2 milyard dollarla 5,6 faiz, Yaponiya 490 milyard dollarla 4,7 faiz, Fransa isə 426,5 milyard dollarla 4 faiz paya malikdir. Ən aşağı pay isə bir marka və 6 milyard dollar dəyər ilə Argentinaya məxsusdur.



Sektorlar üzrə ən yüksək payın 79 marka və 1,3 trilyon dollar dəyər ilə bankçılığa aid olduğunu bildirən İlgüner, bu sektorun 12,5 faizlə ilk sırada yer aldığını deyib. Bankçılıq sektorunu 1,1 trilyon dollar dəyər ilə 25 media markası izləyir. Bundan əlavə, 17 elektronika markasının 835,4 milyard dollar, 11 internet və proqram təminatı markasının 759,4 milyard dollar, 40 pərakəndə ticarət markasının isə 707 milyard dollar dəyərində olduğu açıqlanıb.

Marka dəyərində ən yüksək artım "Revolut”da qeydə alınıb

İlgüner ən aşağı dəyərin bir marka və 5,5 milyard dollarla mədənçilik və dəmir-polad sektoruna aid olduğunu bildirib. Onun sözlərinə görə, əvvəlki illə müqayisədə marka dəyərində ən yüksək artım 239 faizlə Böyük Britaniya mənşəli maliyyə texnologiyaları şirkəti "Revolut”da müşahidə olunub. Ən böyük azalma isə 35,8 faizlə "Tesla” markasında qeydə alınıb.

Aydın
--> -->