Ölkə 23:55 07.02.2023

Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü

Bakıdakı Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı rəngində işıqlandırılıb.

Qaynarinfo xəbər verir ki, bu addım Türkiyədəki zəlzələ qurbanları ilə həmrəylik məqsədi ilə atılıb.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb.

Fevralın 7-də isə ilkin olaraq mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət Türkiyəyə yola düşüb. Daha sonra isə nvöbəti təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, adyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.