Siyasət 23:02 10.08.2022

İƏT erməni silahlı birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulmasını pislədi

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi avqustun 3-də Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazisini intensiv atəşə tutması nəticəsində əsgər Anar Kazımovun həlak olması faktını pisləyən bəyanat yayıb.

Qaynarinfo xəbər verir ki, bəyanatda bildirilir ki, İƏT Ermənistanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat üzrə öhdəliklərini yerinə yetirməyə və qanunsuz silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarmağa çağırır.

Baş Katiblik bu il martın 22-23-də Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilən 48-ci sessiyasında İƏT Xarici İşlər Nazirləri Şurasının qəbul etdiyi qətnaməyə istinad edərək, eyni zamanda Azərbaycan və Ermənistan arasında münasibətlərin qarşılıqlı tanıma, suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət əsasında nizamlanmasına çağırıb.

İƏT Baş Katibliyi azərbaycanlı şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.