Xəbər lenti

İlham Əliyevin ABŞ səfəri: Qlobal tribuna və yeni diplomatik imkanlar
Siyasət 10:02 25.09.2025

İlham Əliyevin ABŞ səfəri: Qlobal tribuna və yeni diplomatik imkanlar

"Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-a səfəri ölkənin beynəlxalq münasibətlərində mühüm bir mərhələ kimi dəyərləndirilir. Bu səfər həm Azərbaycanın regional proseslərdəki rolunu vurğulamaq, həm də qlobal gündəliyin formalaşmasında iştirakını nümayiş etdirmək baxımından xüsusi əhəmiyyət kəsb edir".

Qaynarinfo xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı , filoogiya elmləri doktoru Elnarə Akimova Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-a səfəri barədə danışarkən deyib. 

Onun sözlərinə görə, BMT Baş Assambleyası dünyada ən ali beynəlxalq platforma hesab olunur. Burada dövlət başçıları yalnız öz ölkələrinin maraqlarını ifadə etmir, həm də beynəlxalq hüquq, təhlükəsizlik və davamlı inkişafla bağlı qlobal çağırışlara münasibət bildirirlər. 

"Azərbaycan üçün bu tribunalın önəmi həm də ondan ibarətdir ki, son illərdə bölgədə formalaşmış yeni reallıqlar beynəlxalq ictimaiyyətə birbaşa ölkə rəhbərliyi tərəfindən təqdim edilir. İlham Əliyevin orda iştirakı, bir sıra dövlət başçıları ilə görüşməsi, şübhəsiz ki, post-müharibə dövründə Azərbaycanın mövqeyini, regionda sülh və əməkdaşlıq təşəbbüslərini əks etdirəcək", deyə millət vəkili qeyd edib.

E.Akimova onu da vurğuladı ki, səfər həmçinin ikitərəfli diplomatik münasibətlər baxımından da diqqətəlayiqdir: 

"ABŞ-da keçirilən müxtəlif ikitərəfli görüşlərin gündəliyində enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları, Cənubi Qafqazda sabitliyin təmin edilməsi və beynəlxalq əməkdaşlıq məsələlərinin ön planda dayanacağı gözlənilir. Azərbaycanın Avrasiyanın enerji xəritəsində mühüm oyunçuya çevrilməsi və yeni layihələrin reallaşdırılması fonunda ABŞ-la dialoqun intensivləşməsi zərurətə çevrilib.

Eyni zamanda, bu səfər Azərbaycanın beynəlxalq nüfuzunun artdığını nümayiş etdirir. Çünki qlobal miqyaslı müzakirələrin aparıldığı, ən həssas məsələlərin gündəmə gətirildiyi BMT tribunasından səslənən çıxış yalnız Azərbaycan və region deyil, həm də beynəlxalq ictimaiyyət üçün mesaj xarakteri daşıyacaq. Bu mesajların mərkəzində isə Azərbaycanın ədalətli mövqeyi, beynəlxalq hüquqa əsaslanan yanaşmaları və qlobal əməkdaşlıq çağırışları olacaq.

Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin ABŞ səfəri sırf diplomatik bir tədbir yox, həm də Azərbaycanın qlobal siyasətdə özünü təsdiqləməsinin, müstəqil kursunu davam etdirməsinin təzahürüdür".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->